Eldar Həsənovdan XƏBƏR VAR - öz istəyi ilə DTX-nin təcridxanasında qalıb
Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında qalmaq istəyib.
“Report” xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.
“Xəbər vermişdim ki, Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib və hazırda istintaq orada davam etdirilir.
Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın İstintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur. O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzatərində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim. Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər”, - A.İsmayılov bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində E.Həsənov şübhəli şəxs qismində tutulub.
Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə E.Həsənovun barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.