Türk general Qarabağla bağlı SENSASİON DETALLARI AÇDI: Xocalı, Xankəndi və Xocavənd...
Dağlıq Qarabağda atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 30 yanvar etibarilə fəaliyyətə başladı. Bu, həm bölgə, həm də dünya üçün Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məsuliyyətinin 2 ölkənin üzərinə götürməsi deməkdir. Təbii ki, Azərbaycan üçün də sülhməramlıların fəaliyyətlərinə sadəcə Rusiya tərəfindən deyil, Türkiyə tərəfindən müşahidə və nəzarət edilməsi önəmlidir.
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Generalın sözlərinə görə, mərkəz çərçivəsində atəşkəsin pozulması və terror fəaliyyətlərinə dərhal reaksiya verilərək əngəllənməsi, meydana gələn təxribatların genişlənmədən qarşısının alınması istiqamətində Türkiyə və Rusiya birgə fəaliyyət göstərəcək: “Mərkəzin fəaliyyəti pilotsuz uçuş aparatları, rabitə, müşahidə və kəşfiyyat vasitələri ilə dəstəklənəcək. Bu fəaliyyət rus sülhməramlılarının yerləşdikləri bölgələr və Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin yaşayış məntəqələrini əhatə edəcək. Əlavə olaraq, bu bölgələrlə əlaqələri təmin edən yollar – Kəlbəcər və Laçın dəhlizinin monitorinqi icra olunacaq. Monitorinq fəaliyyətləri biri türk, biri rus olmaqla, 2 general və hər iki tərəfdən 38 nəfərdən ibarət heyət tərəfindən 7 gün, 24 saat, həm havadan, həm də rabitə vasitələri ilə aparılacaq. Mərkəzin hadisələrə müdaxilə ixtiyarı yoxdur.
Onların verdiyi məlumatlar əsasında rus sülhməramlıları təxribatların qarşısını alacaq. Mərkəzin vəzifəsi təsbit və diaqnoz anında hadisələrin qarşısının alınması ilə bağlı tərəflərin informasiya ilə təmini və hər hansı hadisənin reallaşmasının qarşısını almağa töhfə verməkdir. Monitorinq mərkəzi istənilən halda atəşkəsi pozan fəaliyyətləri Azərbaycan, Türkiyə, Rusiya və Ermənistana bildirəcək”.
Y.Karauz xatırladıb ki, Ermənistan bu gün Qazax istiqamətində etdiyi kimi atəşkəsi Azərbaycan Respublikası ərazisində pozarsa, buna Azərbaycan Silahlı Qüvvələri, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə pozarsa, buna rus sülhməramlıları cavab verəcək:
“30 yanvardan sonrakı fəaliyyətlər bölgə üçün yenidir və bu mərkəz vasitəsilə Türkiyə ilə Rusiya həm bütün bölgəyə, həm də dünyaya Dağlıq Qarabağda, Cənubi Qafqazda sülhün təminatçısı olduğunu göstərməkdə qətiyyətliliyini nümayiş etdirdi. Rusiya və Türkiyənin birgə fəaliyyətindən hər hansı problem yoxdur.
General vurğulayıb ki, Ermənistanın kapitulyasiya imzalamasından sonra görülən işlər və ölkə başçılarının Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə apardığı müzakirələr əsnasında qəbul edilən təqvim böyük miqyasda yerinə yetirilib:
“Hətta kommunikasiya ilə bağlı birgə işçi qrupu yaradıldı və fəaliyyətinə davam edir. Bu sülh şəraitini həm Ermənistandaxili fiqurlar, həm də oyundankənar ölkələr Ermənistanı təhrik edərək pozmağa cəhd göstərəcəklər. Buna görə də biz sakit qalıb böyük mənzərəni görməliyik. Azərbaycan həm böhran zamanı, həm də 10 noyabr bəyanatından sonra necə hüquq, haqq və ədalət, şəffaflıq koordinasiya və bilgiləndirmə fəaliyyətlərini həyata keçirdisə, eyni şəkildə hüquqların hüdudlarından çıxmadan haqq və mənfəətlərimizi beynəlxalq ictimaiyyətə bildirməliyik”.
Y.Karauz Ermənistanın proseslərdə üzərinə götürməli olduğu rolu barədə də danışıb: “Öncəliklə 3, daha sonra 6 ölkə arasında sülh və sabitliyi təmin etmək həm bölgə ölkələri, həm də qlobal aktorlar tərəfindən təmin olunacaq. Amma ən çox töhfə verməli olan Ermənistandır. Çünki Ermənistanın belə böyük məğlubiyyətdən sonra özünə gəlməsi ən az 20 il vaxt tələb edir”.
Xocalı, Xankəndi kimi bölgələrin Azərbaycanın nəzarətinə verilməməsi məsələsini general belə şərh edib: “Hər razılaşmanın açıq və gizli maddələri ola bilər. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanat da tələsik ortaya çıxdığı üçün bütün əsaslar orada yazılı olaraq bildirilməyib. Dağlıq Qarabağdakı bəzi bölgələrin Azərbaycana qaytarılması məsələsi həm bəyanatda, həm də Moskva görüşündə yer alıb. Bu mövzu ilə bağlı işləyən təqvim var və hazırda sülhün gecikdirilməməsi üçün bu məsələ gündəmə gətirilmir. Zamanı gələndə həmin bölgələrlə bağlı inkişafın olacağına ümid edirəm. Həmin bölgələr verilsə də, verilməsə də, Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir və BMT tərəfindən bu şəkildə tanınıb”.