bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qələbələr salnaməsi yazan Ali Baş Komandan

15-03-2021, 14:28 97 dəfə baxılıb

Qələbələr salnaməsi yazan Ali Baş Komandan

Sovet İttifaqının süqutundan sonra Ermənistanın başladığı genişmiqyaslı işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən ölkənin silahlı qüvvələri tərəfindən işğal olundu, 20 mindən çox azərbaycanlı qətlə yetirildi. Ermənistandan və Azərbaycanın işğal edilən bölgəsindən 1 milyondan çox azərbaycanlı didərgin salındı. İşğalçılıq müharibəsinin gedişində azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırımı cinayətləri də törədildi. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayın­da hakimiyyətə qayıtdıqdan sonra isə düşmənə müqavimət gücləndirildi. Ordu quruculu­ğu və silahlı qüvvələrimizin möhkəmləndirilməsi sahəsində görülən düşünülmüş tədbirlər işğalçının hərbi birləşmələrinə ağır zərbələr endirilməsini və yağı tapdağındakı bəzi ərazilərimizin, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsinin azad olunmasını şərtləndirdi. Belə bir şəraitdə, yəni Azərbaycanın əvvəlki güc­süz və taqətsiz ölkə olmadığını anlayan Ermənistan 1994-cü ilin mayında atəşkəs imzalamağa razılaşdı. Beləliklə, Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ara­dan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yarandı. Həmçinin həmin qurumlar tərəfindən qəbul edilən sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etdi: BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqləndi və Ermənistan silahlı qüvvələrinin işğalı altındakı ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxa­rılması tələb olundu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlığı Təşkilatı, Qoşul­mama Hərəkatı, Avropa İnsan Hüquqları Məhkəməsi və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərdə də düşmən ölkənin silahlı qüvvələrinin işğalda saxla­dığı bütün ərazilərdən çıxarılması tələb olundu, habelə torpaqların­dan didərgin düşən insanların öz yurdlarına geri dönmələri hüququ bildirildi. Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, yəni Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın dövlət başçıları tərəfindən status-kvonun qəbuledilməzliyi diqqətə çatdırılmaqla bərabər, məsələnin tezliklə öz həllini tapması dəfələrlə bəyan edildi. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul olunan Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldildi. Ümumiyyətlə, uzun illər boyu aparılan danışıqlarda Azərbaycan tərəfi daim təmkinli davranaraq, sülh prosesinə sadiqlik göstərdi, işğalın ara­dan qaldırılmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına, didərgin düşən soydaşlarımızın doğma yurdlarına qayıtmala­rına hər hansı şəkildə kömək göstərə biləcək bütün təkliflərə anlayışla yanaşdı. Təəssüf ki, münaqişənin həlli istiqamətində göstərilən bütün beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermədi. İşğalçı dövlətin rəhbərliyinin cəzasız qalması, eyni zamanda, onun bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən yararlanması səbəbindən danışıqlar prosesi heç bir nəticə vermədi. Ötən dövrdə Ermənistan ordu­su atəşkəs rejimini dəfələrlə poz­du. Aprel və Tərtər döyüşlərində isə yeni ərazilər işğal etməyə cəhd göstərdi. Bütün bunlarla yanaşı, Dağlıq Qarabağda yaradılan qondar­ma rejim başçısı Şuşada özünə “andiçmə” mərasimi keçirdi. Eyni zamanda, düşmən tərəfindən oyuncaq qurumun “parlamentinin” Şuşaya köçürülməsi, qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatının dəyişdirilməsi iddiaları səsləndirildi, hətta danışıqları davam etdirmək üçün Azərbaycan qarşısında üzdəniraq şərtlər qoy­maqdan belə çəkinilmədi. Ermənistanın dövlət baş­çısının irəli sürdüyü “Qara­bağ Ermənistandır və nöqtə”, Ermənistan müdafiə nazirinin vurğuladığı “yeni ərazilər üçün yeni müharibə” iddiaları işğalçı ölkə rəhbərliyinin əsl niyyətlərini üzə çıxardı. Bu məsuliyyətsiz dav­ranış və bəyanatlara beynəlxalq təşkilatlar, eləcə də düşməni sülhə sövq etməli olan Minsk qrupu­nun həmsədr ölkələri tərəfindən heç bir münasibət bildirilməməsi Ermənistanın canfəşanlığının art­masına, daha çox əl-qol açmasına gətirib çıxardı. Ermənistan odusunun sent­yabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tut­ması Azərbaycanı əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən müharibə gedişində möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informa­siya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Otuz il işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzu­li, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər yaşayış məntəqələri, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı. Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 ildir qurduğu, mil­yonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi pozuldu, düşmən ordunun yüzlərlə texni­kası, minlərlə canlı qüvvəsi məhv edildi. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırma­sı, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi həkk olundu.


Cəfərova Nərgiz Muxtar qızı
"Zəngi" liseyinin Tarix müəllimi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930