Zəfər sevinci - qələbə qüruru
Azərbaycan xalqı, bütün türk dünyası, bütün tərəqqipərvər bəşəriyyət Qarabağ uğrunda Vətən müharibəmizdə möhtəşəm qələbəmizi qeyd edir. Noyabrın 8-də rəşadətli silahlı qüvvələrimiz ruhumuzun paytaxtı Şuşanı 28 illik erməni işğalından azad etdi. Ertəsi gün, yəni 9 noyabr – Dövlət bayrağı Günündə Qarabağın 72 kəndində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı dalğalandı. Bundan sonra, 12 noyabr – Azərbaycan Konstitusiyası Gününə iki gün qalmış isə ordumuzun 44 günlük zəfər yürüşünün nəticəsində Ermənistan ordusunun əzəli torpağımız olan Qarabağda darmadağın edilməsi barədə tarixi bəyanat imzalandı. Təcavüzkar ölkənin hökumət başçısının onun üçün sırf kapitulyasiya sənədi olan bəyanata Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər imza atması dünya hərb tarixinə düşən möhtəşəm qələbələr sırasında yeni bir səhifə təşkil edir. Ərazilərimizin 20 faizini qəsb etmiş nankor qonşularımızın 30 ildən bəri orada möhkəmlənərək sülhyaratma prosesindən hər vasitə ilə yayınmasının və status-kvonu dəyişməz saxlamaq cəhdlərinin, nəhayət, tam iflasa uğraması Azərbaycanın ilbəil artan siyasi, iqtisadi və hərbi qüdrətinin parlaq nümayişi oldu. Böyük zəka, güc və cəsarət amillərinin birgə təzahürü olan ildırımsürətli əks-hücum əməliyyatları sayəsində qısa müddətdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa kimi 5 şəhərin, neçə-neçə qəsəbənin, 300-ə qədər kəndin və bir çox mühüm strateji yüksəkliklərin azad olunması, ermənilərin özlərinin də etiraf etdikləri kimi, onların canlı qüvvə və hərbi texnikasının kütləvi məhvi, ehtiyat sarıdan isə son dərəcə çıxılmaz duruma düşərək itkilərin yerini doldura bilməmələri Azərbaycan Ordusunun qələbəsini labüd etmişdir.
Böyük qələbə ona doğru keçib gəldiyimiz keşməkeşli yolun, məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin, unudulmaz dahi şəxsiyyətin yaratdığı möhkə+m bazisin əsasında bərqərar olduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin 17 ildən bəri inamla həyata keçirdiyi ictimai-siyasi, sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində davamlı surətdə möhkəmləndiyi qənaətini bir daha təsdiqləmiş oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider ilk gündən dərin düşünülmüş mühüm tarixi addımlar atmaqla Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik yaratmış, onu birdəfəlik məhvolma təhlükəsindən xilas etmişdir. Tarixin müxtəlif dövrlərində özünü göstərən belə bir hadisəni bu dəfə məhz Azərbaycan Ordusu təkrarladı. Bu, hərbi qələbənin diplomatik sənəd üzərinə qətiyyətlə daşınması deməkdir. Özü də bu sənədlə Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi vaxtdan bəri ilk dəfədir ki, özünün BMT tərəfindən tanınmış bütün ərazisində ölkəmizin suverenliyini təmin edən konstitusion haqları bərpa olunur. Böyük qələbə heç də birdən-birə əldə edilməmişdir. Buna qədər də rəşadətli ordumuz dəfələrlə xalqımıza qələbə sevincini dadızdırmışdır. 2016-cı ilin tarixi Aprel döyüşləri – Böyük Qayıdışın başlanğıcı kimi yaddaşlara həkk olunmuşdur. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin arasında atəşkəs sazişi imzalandıqdan sonrakı dövrdə ilk şiddətli döyüşlər kimi tarixə düşmüş bu qarşıdurma bizim ordumuzun parlaq qələbəsi ilə sonuclanmışdır. Əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun strateji əhəmiyyət daşıyan Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madagiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 2018-ci ildə isə uğurlu hərbi əməliyyatlar nəticəsində Naxçıvan ərazisində, Sədərək rayonundakı Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi və ətrafı ordumuzun nəzarətinə keçmişdir. Düşmənlə üz-üzə olan rayonun Heydərabad qəsəbəsində yerləşən ərazi 30 il sonra əkin dövriyyəsinə qatılmış, xalqın Böyük qələbəyə inamı daha da artmışdır. Bir il sonra Babakər dağı istiqamətində uğurlar əldə edilib. Yəni müharibədə mənəvi-psixoloji üstünlük beləcə zərrə-zərrə əldə olunur, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif dağılırdı. Bir-birinin ardınca qələbələr gəldikcə, ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı sancılıb dalğalandıqca dövlətimizin başçısı müjdə dolu xəbərləri ilə xalqa müraciət edir, gözaydınlığı verirdi. Noyabrın 10-da imzalanan bəyanatdan sonra da cənab İlham Əliyev üzünü daim sədaqətlə xidmət etdiyi və varlığı ilə öyündüyü xalqına tutaraq tarixi nitqini söylədi: ”Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub. Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır. Bu, böyük xoşbəxtlikdi. Danılmaz həqiqətin səmimi etirafı! Böyük qələbənin sevinci! Dünyanın ağıllı başları, sülhpərvər bəşəriyyət də bunu alqışlayır, Azərbaycanın haqq işini dəstəkləyirlər. Təkzibedilməz faktdır ki, Böyük qələbə, ilk növbədə, mükəmməl ordu quruculuğunun nəticəsində qazanılmışdır. Prezident seçildiyi 17 il ərzində cənab İlham Əliyevin fəaliyyətinin prioritet istiqaməti ordu quruculuğu olmuşdur. Eyni zamanda, ciddi, yorulmaz diplomatik, siyasi səylər göstərilməli idi və Ali Baş Komandanımız buna da nail olmuşdur. Cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda güclü müdafiə sənayesi yaradılmışdır. Artıq biz ordumuzun tələbatını xeyli dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı müasir məhsul istehsal olunur. Ordu quruculuğu hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması ilə bərabər aparılmışdır. Bakının Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya Azərbaycanın gücünü göstərmişdir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasəti sayəsində uğurla reallaşan inkişaf, tərəqqi, qələbə konsepsiyasının əsas amilləri və ən fərəhli cəhətləri bunlardır. Biz xoşbəxt insanlarıq ki, Azərbaycanımızın öz tarixinin yeni, parlaq səhifələrini yazaraq daha xoşbəxt sabahlara yol açmasının şahidləri və iştirakçılarıyıq.
Sümbülə Əliyeva
Vəkillər Kollegiyasının fəxri vəkili
"Fəxri hüquq doktoru"