Prezident İlham Əliyev: “Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın mart ayının 15-də Füzuli və Xocavənd rayonlarına səfəri xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəltdi və hər birimizə qürur hissi yaşatdı. Azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin həyata keçirilməsi artıq Böyük Qayıdışın günbəgün yaxınlaşdığının bariz göstəricisidir. Vətən müharibəsindən 4 ay keçməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Həmçinin, Prezident İlham Əliyev 30 ildən sonra Hadrutda Azərbaycan bayrağını ucaltdı. Hadrutun işğaldan azad olunması həm də Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatla müasir hərb tariximizə həkk olundu. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, Hadrut faktiki müharibənin taleyini həll edən əməliyyat idi. Çünki Şuşaya yol elə Hadrutdan keçirdi. Azərbaycan Ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəldi. Düşmən Laçın Dəhlizi və Qırmızı Bazar istiqamətindən təhlükə gözləyirdi. Azərbaycan hərbçilərinin Hadrutu terrorçulardan təmizləməsi ermənilər və havadarları üçün də gözlənilməz oldu. Bu səbəbdən Prezident İlham Əliyevin də bildirdiyi kimi, erməni tərəfi və ermənipərəst media nümayəndələri qərəzli informasiyalar yayaraq, guya qəsəbənin hələ də ermənilərin nəzarətində olduğunu iddia edirdilər. Halbuki, bu dezinformasiyalar yayılanda artıq Azərbaycan əsgəri Şuşada idi. Həmin dövrdə müxtəlif ölkələrdən olan obyektiv hərbi ekspertlər Hadrutun strateji əhəmiyyətini şərh edir, bunu Azərbaycanın böyük hərbi uğuru kimi qiymətləndirirdilər. 44 gün ərzində istər döyüş meydanında, istərsə də, informasiya cəbhəsində obyektiv və haqqı müdafiə edən tərəf qalib gəldi.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi haqq mübarizəsi aparan Azərbaycanla işğalçı Ermənistan arasında fərqi bütün cəhətləri ilə ortaya qoydu. Azərbaycanın 44 günlük Vətən müharibəsində 30 ilə bərabər yol qət etdiyi bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini 44 gündə reallaşdıran rəşadətli Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixini yazdı. 44 günlük Vətən müharibəsi tarixi Qələbəmiz olmaqla yanaşı, həm də bir təcrübədir. Dövlətimizin başçısının Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bir daha diqqəti ölkəmizin dünyanın hərb tarixinə yeni səhifə yazmasına yönəldərək bildirmişdir ki, Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri Vətən müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Vətən müharibəsində əldə edilən parlaq Qələbəmizdən sonra işğaldan azad edilən ərazilərə ardıcıl səfərləri çərçivəsində bərpa ilə bağlı qarşıya qoyduğu vəzifələr yeni regional inkişaf proqramlarının uğurla icrasından, xarabaya çevrilən yaşayış sahələrinin qısa müddətdə abad kənd və şəhərlərə çevriləcəyindən xəbər verir. Belə ki, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yollarının təməlinin qoyulması bir daha göstərir ki, qarşımızda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Təməlini Füzuli-Şuşa yolundan götürən Füzuli-Hadrut avtomobil yolu müasir standartlara uyğun 4 hərəkət zolağı, avtomobil körpüləri ilə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi tezliklə icra ediləcək. Horadizdən Zəngilana yol çəkiləcək. Bütün bu nəhəngmiqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını, Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə qədəm qoymasından xəbər verir. Həmçinin, uzun illər davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələri vəhşicəsinə dağıdılıb, onların bir qismi tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunub, çox hissəsinin isə izi belə saxlanılmayıb. Erməni faşistlərindən təmizlənən əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirməyi qarşıya mühüm məqsəd kimi qoyan, bu istiqamətdə önəmli tədbirlər reallaşdıran dövlətimizin başçısının yorulmaz səyi işğaldan azad edilən torpaqlarımızın gülüstana dönəcəyinə böyük əminlik yaradır. Erməni vandalları isə barbarlıqlarını həm müharibənin gedişində, həm də atəşkəs vaxtlarında nümayiş etdirdi. Bununla bağlı Prezident İlham Əliyevin bildirdiyi kimi: “Müharibə Azərbaycan və Ermənistan arasında olan fərqi bir daha dünyaya aşkar şəkildə nümayiş etdirib. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər”. Düşmən, eyni zamanda, qədim yaşayış məskəni kimi tanınan Azıx mağarasını da dağıtmağa, burada qanunsuz tədqiqatın aparılmasına, tarixi saxtalaşdırmağa cəhd göstərib. Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin bu barbar, vandal əməllərə görə layiqli cəzalarını alacaqlarını, dəymiş ziyanı ödəyəcəklərini vurğulayıb.
Beləliklə, Prezident İlham Əliyev bu səfəri ilə ötən 30 il ərzində ərazi bütövlüyü uğrunda həyatından və canından keçmiş şəhidlərimizin ruhunu şad etdi. Artıq, Dövlətimizin başçısını siyasi iradəsi, Ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, illərdir əsl sahibinə həsrət qalan torpaqlarımızda şəhər, kənd və qəsəbələrimizdə həyat yenidən canlanır. Qarabağ Azərbaycandır!
Lamiyyə Hacıyeva
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini