Ceyhun Bayramov İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırkı səfərin ölkələrimizin parlamentləri arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan və İraq arasında münasibətlərin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yatardığını bildirib.
İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri iki ölkə arasında mövcud olan müsbət əlaqələri qeyd edərək, beynəlxalq səviyyədə Azərbaycanın İraqa verdiyi dəstəyi, eləcə də Azərbaycan tərəfindən göstərilən humanitar yardımı məmnunluqla qeyd edib. Münaqişələrin həlli ilə bağlı İraqın beynəlxalq hüququn prinsiplərini hər zaman rəhbər tutduğu vurğulanıb.
İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistan tərəfindən törədilən dağıntılar, qeyri-qanuni fəaliyyət, çoxsaylı müharibə cinayətləri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın həm işğal dövründə, həm də bu əraziləri məcburən tərk etmə mərhələsində azad olunan torpaqları geniş şəkildə mina ilə zəhərlədiyi, hərbi əməliyyatların dayandırılmasına rəğmən minaların yerləri ilə bağlı məlumatı hələ də Azərbaycan tərəfinə təqdim etmədiyi və beləliklə də beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam etdiyi İraq parlamentarilərinin diqqətinə çatdırılıb. Dünya dövlətlərinin bu məsələyə münasibətdə səssiz qalmamaları və Ermənistana ciddi təsir etmələrinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri, o cümlədən humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə fikir mübadiləsi aparıblar.