Bakı metrosunda YENİLİK - FOTO
Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir.
Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq.
Sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasında aparılan təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən daha bir layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.
Layihənin ən qısa müddətdə həyata keçirilməsi üçün tədbirlər planında iş ardıcıllığı, aidiyyəti sahələrin fəaliyyətinin və maşın-mexanizmlərin cəlb edilməsinin sinxronluğu müəyyən edilib. Tədbirlərin səmərəli və operativ yerinə yetirilməsi məqsədilə ikinövbəli iş rejimi tətbiq edilib.
Birinci mərhələdə stansiya yollarının təmas xətti sökülüb. Relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.
İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üstquruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.
Vacib üstünlüklərdən biri də dəmir-beton blokların ağac analoqlarından daha uzunömürlü və keyfiyyətli olmasıdır. Ağac şpalların ömrü ən yaxşı halda, 35-40 il, Bakı metrosunun geoloji şəraitində daha az olduğu halda, dəmir-beton bloklar 50-80 il istismar oluna bilir. Dördüncü mühüm məsələ, yeni tipli yolun üstquruluş elementlərinə qulluğun, texnoloji proseslərin sadə və asan olmasıdır. Bu tipli yollar vibrasiyanı əsaslı şəkildə azaltmaqla, qatarların hərəkət rəvanlığını təmin edir.
Hazırda bu texnologiyaların Bakı metropolitenində hərəkətin təşkili müddətində tətbiq edilməsi öyrənilir.