Azərbaycan-Türkiyə iş adamları forumu keçirildi - FOTO
Bu gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı və Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Birliyinin (MÜSİAD) Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə “Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn tədbir keçirilib.
Qurumdan Oxu.Az-a verilən məlumatda bildirilir ki, forumda Dövlət Gömrük Komitəsinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan İnvestisiya Şirkətinin, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB), Türkiyənin ölkəmizdəki Ticarət Müşavirinin, MÜSİAD-ın, ATİB-in və TÜİB-in nümayəndələri, eləcə də hər iki ölkədən olan iş adamları və biznes assosiasiyaları iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov qeyd edib ki, forum Azərbaycanda türk iş adamlarının fəaliyyətinin genişləndirilməsi, onların fəaliyyəti ilə bağlı aktual məsələlərin müzakirə olunması və hər iki ölkənin sahibkarları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Forum KOBİA yanında İctimai Şura çərçivəsində xarici tərəfdaşların iştirakı ilə keçirilmiş ilk beynəlxalq tədbirdir.
KOBİA-nın dəstəyi ilə təşkil olunmuş onlayn forumda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov yüksələn xətlə inkişaf edən Azərbaycan-Türkiyə iqtisadi əlaqələri çərçivəsində iki ölkə arasında kiçik və orta sahibkarlıq sahəsində də tərəfdaşlıq imkanlarının genişləndiyini vurğulayıb.
Qeyd olunub ki, Türkiyə iş adamlarının Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün imkanlar böyükdür və KOBİA Azərbaycanda fəaliyyət göstərən və ya biznes qurmaq istəyən türk iş adamlarına dəstək göstərməyə hazırdır.
Orxan Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yerli və xarici, o cümlədən Türkiyə iş adamları üçün biznes fəaliyyəti və bərpa-quruculuq işlərində iştirak üçün yeni imkanlar yaradıb. Agentlik post-pandemiya dövründə KOB-ların dəstəklənməsi istiqamətində KOSGEB-in təcrübəsini öyrənməkdə maraqlıdır.
Bundan başqa, Agentlik Azərbaycanda post-pandemiya dövrü üçün dövlətin müəyyənləşdirdiyi prioritet sektorlarda Türkiyənin iş adamlarının yeni layihələr reallaşdırmasına dəstək göstərməyə hazırdır. Qarşılıqlı investisiya qoyuluşu üçün potensial imkanlara dair KOB-ların məlumatlandırılması və Türkiyə iş adamları ilə birgə müəssisələrin yaradılması istiqamətində də əməkdaşlıq imkanları genişdir.
KOSGEB rəhbəri Hasan Basri Kurt, Türkiyə Respublikasının ölkəmizdəki ticarət müşaviri Eser Çengel, MÜSİAD-ın nümayəndələri Abdurahman Uzun və Muhterem Öz hər iki ölkənin iş adamları arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları, xüsusilə KOB sahəsində tərəfdaşlıqla bağlı fikirlərini bölüşüb, əməkdaşlığa dair müxtəlif təkliflər səsləndiriblər.
Azərbaycan İnvestisiya Şirkətinin nümayəndəsi Fərid Quliyev və AZPROMO-nun departament direktoru Zöhrab Qədirov təmsil etdikləri qurumların fəaliyyəti, ölkəmizin investisiya və ixrac potensialı və Türkiyə şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə məlumat veriblər.
Onlayn forumda ticarət, investisiya qoyuluşu, KOB sahəsində əməkdaşlıq və s. kimi istiqamətlərdə müzakirələr aparılıb, iş adamlarını maraqlandıran suallar cavablandırılıb.