Kəlbəcər şəhidlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub - FOTO
Aprelin 29-da Göygöl rayonu Murovdağ qəsəbəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş zamanı qeyd olunub ki, abidə kompleksi Kəlbəcər Rayon İcra Hakimiyətinin daxili imkanları hesabına inşa olunub. Kompleksdə Dövlət bayrağı ucaldılıb, Vətən müharibəsi dövründə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin məzarüstü abidələri inşa olunub.
Vətən müharibəsində canından keçmiş Kəlbəcər şəhidlərinin adları abidə kompleksində əbədiləşdirilib. Bununla yanaşı səkkiz yüz metr məsafədən içməli su xətti çəkilib və abidənin daxilində bulaq inşa edilib. Kompleksdə məzarların ətrafında abadlıq işləri aparılıb, tullantı qabları qoyulub, ziyarətə gələn şəxslərin rahatçılığı üçün müasir oturacaqlar quraşdırılıb.