Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO
Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını çatdırmışdır.
Çıxışda gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyi vurğulanmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin davam etdirilməsi bildirilmişdir.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanmışdır.
Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.