COVID-19 pasportunun əldə edilməsi ilə bağlı qaydalar AÇIQLANDI
COVID-19 pasportunun əldə edilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlama yayıb.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”.
“COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir.
Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində “E-xidmətlər” bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.
Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir.
“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.
Əgər vətəndaş vaksin olunubsa, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.
Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.
Qeyd edilib ki, vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.