Xəzərin sahilində bir neçə istirahət mərkəzi cərimələndi - FOTO
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigiyena qaydalarına riayət edilməsi ilə bağlı keçirdiyi tədbirlər çərçivəsində tullantıların qalaqlanması aşkar edilib.
Oxu.Az xəbər verir ki, iyulun 7-də Xəzər rayonunun Türkan qəsəbəsində keçirilən növbəti belə tədbir zamanı Ə.Hacıyev küçəsində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Türkan Bələdiyyəsinin sədri B.Yarıyev barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
İyulun 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilən tədbir zamanı isə Xəzər dənizinin sahil zolağında yerləşən “Mirvari”, “Gold Sea”, “Caspi”, “Bayraq” və “Dəniz” istirahət mərkəzlərində sanitariya-gigiyena qaydalarının pozulması faktları aşkar edilib. Həmin istirahət mərkəzlərinin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilib.