Zakir Həsənov İtaliyanın yeni səfiri ilə görüşüb - FOTO
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İtaliya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə toxunaraq son vaxtlar gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü səfirin diqqətinə çatdırıb.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə hər iki ölkənin orduları arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.