DTX və DSX-dən birgə əməliyyat: Saxlanılanlar var - FOTO
Cari ilin sentyabr ayının 21-də Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Salyan rayonu istiqamətindən naməlum iki üzmə vasitəsinin rejim qaydalarını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə məlumata əsasən, DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib.
Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülən, sahildən 1.6 mil məsafədə iki nəfər heyət üzvü olan bir ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərriksiz rezin qayıq saxlanılıb.
Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.
Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.
Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.