Azərbaycanda qazın və elektrik enerjisinin qiymətləri dəyişdirildi - QƏRAR
16 oktyabr 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.
Tarif (qiymət) Şurasının iclasında dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlığı məqsədilə bu sahəyə investisiya qoyuluşunın təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilib.
Aparılan müzakirələrdə ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınmaqla müxtəlif tarif artımı variantları dəyərləndirilib. Təhlillər göstəririr ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur.
İclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanıb.