Aleksey Pilko: “Rusiya müəyyən qədər Ermənistanı xilas etdi”
.Azərbaycan, Rusiya və Ermənistan arasında gözlənilən və hətta elan edilən görüş və yeni üçtərəfli bəyanatın imzalanması noyabrın ilk ongünlüyündə baş tutmadı.
Görüş barədə “RİA Novosti” mənbələrinin məlumat verməsinə və Kremlin mətbuat katibi Dmitri Peskovun da təsdiq etməsinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan çox güman ki, daxili amillərin təzyiqi altında görüş və müqavilələrin imzalanması ilə bağlı məlumatları təkzib edib. Bundan sonra Dmitri Peskov vaxtla bağlı dəqiq razılaşmaların olmadığını söyləməyə məcbur oldu.
Erməni müxalifəti “yeni kapitulyasiya sazişi”nin hazırlandığı barədə xəbərdarlıq edib, hətta əvvəlki bəyanatlar altında imzaları geri götürməyi tələb edib və etiraz aksiyasına başlayıb, barrikadalar qurmağa hazır olduğunu bəyan edib. Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin ən çox qorxduğu məqam Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır ki, bunu onların eks-prezidenti Robert Koçaryan açıq şəkildə bəyan edib.
Tarixçi alim, Rusiya Avrasiya Kommunikasiya Mərkəzinin direktoru Aleksey Pilko Oxu.Az-a müsahibəsində üçtərəfli görüşün gec-tez baş tutacağını qeyd edib:
- Münasibətlərin tənzimlənməsi qaçılmazdır, Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoyulmalı, Sovet İttifaqının dağılmasından sonra yaranmış miras məhv edilməlidir. Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli formatı bütün məsələlərin həlli üçün bünövrə rolunu oynaya bilər.
Təbii ki, problem mürəkkəbdir, çünki hər şey təkcə İrəvanla Bakının münasibətindən asılı deyil. Cənubi Qafqazda və Yaxın Şərqdə müxtəlif maraqları olan çoxlu oyunçular var. Türkiyə, İran faktorları var.
Ancaq son vektor aydındır. Kimin və nəyin gecikdirməsindən asılı olmayaraq, görüş keçiriləcək və orada lazımi formula işlənəcək. Rusiyanın gələn il Qafqazda özünü daha fəal aparacağını istisna etmirəm. Moskvaya sabit vəziyyət lazımdır. Ortamüddətli perspektivdə isə dediyim kimi, Azərbaycanla Ermənistan arasında münasibətlərin tam nizamlanması olacaq.
Azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar, keçən əsrin birinci yarısında hətta Azərbaycanla Ermənistanın daxil olduğu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası var idi.
Strateji baxımdan, iqtisadiyyat nöqteyi-nəzərindən baxsanız, bütün mürəkkəbliyi və çaşqınlığı ilə bu, planetimizdə mövcud olan ən pis münaqişə deyil. Sülhün alternativi yeni, daha genişmiqyaslı müharibə deməkdir. Bu kimə lazımdır?
Nəqliyyat dəhlizlərini açmaq, iqtisadi layihələr yaratmaq və onları inkişaf etdirmək, siyasi nizamlanmanın üfüqlərini müəyyən etmək lazımdır.
Aydındır ki, müxalifət bütün ölkələrdə, xüsusən də müharibə və sülhlə bağlı məsələlərdə hakimiyyəti tənqid edir. Ancaq gec-tez sual konkret olacaq: ya müharibə, ya da sülh.
- Ermənistanda qeyri-parlament müxalifətinin sərt bəyanatlar verməsini anlayıram. Amma lideri “Rusiyanın adamı” sayılan Robert Koçaryan olan “Ermənistan” bloku da Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Azərbaycanın ərazi bütövlüyünün tanınmasının qəti əleyhinə çıxış edir.
- “Moskvanın adamı” nə deməkdir? Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi də “Moskvanın adamı” adlandırırdılar. Nə olsun? Bu, abstrakt təfəkkürdür.