44 günlük Zəfər yürüşünün müəllifləri Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuzdur
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. 30 illik yurd həsrətimiz, ürəklərimizdəki Qarabağ nisgili sona çatdı, yüz minlərlə məcburi köçkün qəribçilikdən qurtuldu. Bu möhtəşəm qələbəni xalqımıza Azərbaycan Ordusu ərməğan etdi. Vətənimizin azadlığı uğrunda müzəffər yürüşə çıxan qəhrəman oğullarımız, gecə-gündüz bilmədən, dərə-təpə demədən, soyuq-şaxta hiss etmədən, qorxunu, ölüm xofunu xəyallarına belə gətirmədən mərdi-mərdanə yürüdülər yağının üzərinə... İllərdir işğal altında olan dədə-baba torpaqlarımızın üzərindən düşmənin nəfəsini kəsdilər, yaralı yurdumuza məlhəm oldular.
Bu 44 günün hər birində şücaətli əsgərlərimiz şanlı tarix yazdılar. Canlarını Vətənə sipər edərək addım-addım, qarış-qarış irəlilədilər, yurdumuzu kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər, bayrağımızı zirvələrdə dalğalandırdılar. Bu 44 gün ərzində hər gün qələbə müjdəsi ərməğan etdilər bizə...
Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanlarınadək vuruşub düşməni darmadağın etmək idi. 44 gün davam edən İkinci Qarabağ savaşı hərb tariximizin parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Ötən 17 ildə tariximizin ən möhtəşəm uğurlarına nail olan Ali Baş Komandanımız bu dəfə Azərbaycanı həm qalib dövlət etdi, həm də onun liderlər sırasındakı yerini daha da möhkəmlətdi.
Burada çox önəmli məqam isə sentyabrın 27-dən sonra könüllü olaraq Vətən uğrunda savaşda iştirak etmək istəyənlərin sayının durmadan artması idi. Məhz buna görə də Ali Baş Komandan tərəfindən yalnız qismən səfərbərlik elan edildi. Bununla da Azərbaycan xalqı işğalçı Ermənistan cəmiyyətində baş verənlərdən fərqli olaraq yüksək vətənpərvərlik hisslərinə malik olduğunu, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Təbii ki, vətəndaşlarımızın vətənpərvərlik ruhuna köklənməsini təmin edən başlıca amil ölkə rəhbərliyinin yürütdüyü siyasət, Prezident İlham Əliyevin fəaliyyətində ərazi bütövlüyünün bərpasının prioritet təşkil etməsidir. Ölkəmizin başçısı daim bəyan edirdi ki, Azərbaycanın yeganə problemi torpaqlarımızın işğal altında qalmasıdır. Onun ordu quruculuğu ilə bağlı gördüyü işlər, məcburi köçkünlərə qayğısı, beynəlxalq səviyyədə milli maraqlarımızı qətiyyətlə təmin etməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarına dərin ehtiramı nəticə etibarilə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun daha da güclənməsinə yol açdı. Ona görədir ki, böyük əksəriyyəti atəşkəs dövründə doğulub böyüyən, 90-cı illərin əvvəllərində baş verənlərin şahidi olmayan və 44 günlük müharibədə Qələbəmizi təmin edən gənc nəsil ən yüksək vətənpərvərlik hisslərinə malikdir.
Torpaqlarımızın azadlığı uğrunda ayağa qalxan xalqımız öz liderinin - Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu göstərdi. Bir daha sübut olundu ki, Prezident İlham Əliyev xalqının dərin rəğbətini qazanan rəhbərdir. Vətən müharibəsindəki Qələbə həm də cənab İlham Əliyevin öz xalqına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini göstərdi. Cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Şəhər və rayonlarımızın, kəndlərimizin bir-birinin ardınca azad edilməsi ilə Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu ermənilərin özləri haqqında yaratdığı «məğlubedilməzlik mifi»nin üstündən xətt çəkdi. Düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.
Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınmasının ardınca işğalçı Ermənistanın Prezident İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsini Qələbə ilə başa vurdu. Ali Baş Komandanımız işğaldan azad edilən rayon mərkəzlərinə gedərək qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpaqlarımızda üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi ki, bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb
Təbii ki, tarixi izləsək görərik ki, bu Qələbə Azərbaycanın bir dövlət kimi son əsrlərdəki ən böyük zəfəridir. Şah İsmayılın, Nadir şahın qurduqları imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan azad etdi. Azərbaycanın bu tarixi zəfəri həm də Dağlıq Qarabağla bağlı bütün müzakirələri kökündən dəyişdi. Məlum olduğu kimi, danışıqlar prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisinə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə, yaxına buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.
Lakin bu qalibiyyətlə Azərbaycan həm keçmiş Dağlıq Qarabağın inzibati ərazisinə daxil oldu, həm də onun ətrafındakı və Ermənistanın qaytarmaq istəmədiyi torpaqları işğaldan azad etdi. Şuşa şəhərinin, Xocavənd və Xocalı rayonlarının kəndlərinin, Suqovuşanın azad edilməsi ilə Azərbaycan həm də Dağlıq Qarabağa nəzarəti ələ aldı. Üstəlik, Kəlbəcərin və Laçının geri qaytarılması ilə Dağlıq Qarabağa gedən əsas strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlinə keçdi.
Bəli, məhz 44 günlük savaşın nəticəsi olaraq 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Bu mənada danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: «Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var».
Artıq Dağlıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olundu, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gömüldü, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən həmişəlik xətt çəkildi.
Bizimlider.com İnformasiya Xəbər Portalının əməkdaşı
Zamiq Babayev