bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zəfərin mübarək, Azərbaycan!

6-04-2021, 16:30 35 dəfə baxılıb

Vətən Müharibəsinin başlanmasının birinci ildönümünün – 27 sentyabr tarixinin torpaqlarımız işğaldan qurtuluşu yolunda canını fəda etmiş qəhrəman hərbçilərimizin və Ermənistanın müharibə cinayətlərinin qurbanlarına çevrilmiş mülki vətəndaşlarımızın əziz xatirəsinin anıldığı gün kimi əbədiləşdirilməsi qazandığımız böyük Zəfərin mahiyyətinin ictimai düşüncədə adekvat qiymətləndirilməsinin növbəti təsdiqi olmuşdur.

44 günlük haqq savaşında qəhrəmancasına həlak olmuş hərbçilərimizə, qətlə yetirilmiş mülki vətəndaşlarımıza, itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq dövlətimizin baş­çısı, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın paytaxtın mərkəzində keçirilən möhtəşəm yürüşdə, eləcə də Vətən Müharibəsi Memorial Kompleksinin, Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak etmələri şəhid və qazilərimizin xalq qarşısındakı misilsiz xidmətlərinə verilən yüksək dəyərin təcəssümüdür. Anım Gününü yüksək vətənpərvərlik, qürur və fəxarət ovqatında keçirən xalqımız həm də tarixinin ən möhtəşəm mərhələsini qalib kimi yaşadığını bütün dünyaya nümayiş etdirmişdir.

Müzəffər Ali Baş Komanda­nın rəhbərliyi ilə aparılan düzgün təbliğat və maarifləndirmə tədbirləri cəmiyyətdə Vətən Müharibəsi iştirakçılarına münasibətdə tarixdə heç zaman olmamış səviyyədə yüksək etimad, rəğbət və ehtiram mühiti formalaşdırmışdır. Prezident İlham Əliyev ilk gündən müharibə iştirakçılarına, yaralanmış və ya şəhidlik zirvəsinə ucalmış hərbçilərimizə hörmət və ehtiramını ifadə etmiş, onların xalq və dövlət qarşısındakı xidmətlərini yüksək dəyərləndirmişdir. 8 dekabr 2020-ci il tarixli fərmanla yaradılmış ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu qısa zamanda bu qəbildən olan həssas insan­lara yardım və ictimai dəstək mexanizmləri formalaşdırmağa nail olmuşdur.

Bu və digər tədbirlər deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Vətən Müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin dövlətin və cəmiyyətin xüsusi etimadı, qayğısı ilə əhatə olunmasına çalışır. Dövlətimizin başçısı 2021-ci il sentyabrın 27-də Azərbaycan Televiziyası ilə xalqa müraciətində demişdir: “Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. Eyni zamanda, bu gün Vətən Müharibəsi Memorial Komplek­sinin və Zəfər Muzeyinin təməli qoyulacaq. Bu da keçən ilin de­kabrında mənim Sərəncamımla həll olunan məsələdir. Ba­kıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldı­lacaqdır”.

Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev isə əsrlər boyu hissə-hissə itirilən torpaqla­rımızın müəyyən qismini geri qay­tarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan Lider kimi adını ən müasir tariximizə yazmışdır.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı mənəvi zəfərin ictimai təfəkkürə təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə xalqın milli qürurunu, özünə güvənini, inamını qaytar­mışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsıl­maz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəltmişdir. İndiki və gələcək nəsillər bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdı­ğını daim xüsusi qürur və fəxarətlə anacaqlar.

Barəsində çox əsrlər danışıla­caq şanlı Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil isə xalqımızın vahid amal uğrunda dəmir yumruq kimi birləşməsi, Liderinə sonsuz güvəni, onun qərarlarını tərəddüdsüz dəstəkləməsidir. Xalqımız hələ ötən əsrin 90-cı illərində dövlətçiliyə qarşı yönəlmiş xəyanətkar qəsdlər, çevriliş cəhdləri zamanı, eləcə də Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu za­manı göstərdiyi birlik və həmrəyliyi Vətən müharibəsi günlərində daha böyük mütəşəkkilliklə nümayiş etdirmişdir.

Rüsvayçı məğlubiyyəti fonunda Ermənistanda azərbaycanofobiya, islamofobiya psixi xəstəlik dərəcəsinə çatmışdır. Müharibədən sonra erməni faşizminin müəyyən təzahürləri özünü göstərir ki, bu da regionda sülh və sabitlik üçün ciddi təhdiddir. Lakin Azərbaycan Ermənistanın hər hansı revanş cəhdlərini bundan sonra da qəbul etməyəcək, təhlükəsizliyinə hansı­sa ciddi təhdidin yarandığını hiss edəcəyi təqdirdə düşmənə yeni sarsıdıcı zərbələr vuracaqdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” bu gün də yerindədir: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yarat­sın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, an­caq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalı­dır və hesablaşacaqdır”.

44 günlük müharibənin nəticəsi olaraq xalqımız milli qürur his­sini bərpa etmişdir. Müharibədə qazanılan Zəfər xalqımıza bundan sonra qalib kimi yaşamaq, qarşıya qoyduğu bütün hədəflətə yetişmək imkanı yaratmışdır. Bu gün “Qara­bağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrilmişdir.

Ermənistan müharibədən sonra regionda yaranmış yeni reallıqlarla barışmalı, Azərbaycanın ərazi bütövlüyü­nün tanınması şərtilə ölkəmizlə sülh müqaviləsi imzalamalıdır. Ermənistan və onun havadarları Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirərlərsə, yenidən öz başlarında “Dəmir yumruğu” görəcəklər. İrəvan, nəhayət anlamalıdır ki, regi­onda sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşdırılmasıdır. Bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə - qonşu dövlətlərin sərhədlərinni toxunulmazlığına, ərazi bütövlüyünə hörmət prinsi­pi dayanmalıdır.



ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930