Belaruslu nazir: “Bizim atlet Azərbaycandan bir xanımla evlənib qalırsa, biz ancaq buna sevinə bilərik”
“Üzgüçülük üzrə Paralimpiya çempionu Roman Saleyin Azərbaycanı təmsil etməsi öz qərarıdır. Bu praktika bütün dünyada var”.
Bunu Oxu.Az-ın əməkdaşının sualına cavab olaraq Belarusun idman və turizm naziri Sergey Kovalçuk deyib.
Bakıda işgüzar səfərdə olan və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla birgə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatını izləyən Sergey Kovalçukun iştirakı ilə mətbuat konfransı keçirilib.
O, belaruslu atletlərin Azərbaycan adından çıxış etməsi barədə sualı cavablayıb. Sergey Kovalçuk bunu normal qarşıladığını bildirib:
“Stolüstü tennisi götürək. Hansı idmançılar hazırda stolüstü tennisdə Avropada 1 nömrə sayılır? Bütün ölkələrin heyətində çinlilər var. Nəyə görə? Mən idmançının digər ölkə adından çıxış etməsini tamamilə normal qarşılayıram.
Hesab edirəm ki, belə gəlmələr idmandakı rəqabəti gücləndirir və idmançıların müəyyən səviyyəsinə çatmasına kömək olur. Bu, yaxşı, normal haldır. Təbii ki, çalışıb öz idmançılarını yetişdirməlisən. Bəzən həmin idmançılar öz ölkəsində rəqabətə dözməyərək başqa dövlət adından çıxış etməyə can atır.
Məsələn, Olimpiya Oyunlarında batut gimnastikasında azı 2 idmançın olmalıdır. Belarusda isə bu baxımdan 3 eyni səviyyəli idmançı var. Rio de Janeyro Olimpiadasının qalibi Vladislav Qonçarov (Bakıda keçirilmiş I Avropa Oyunlarının ikiqat gümüş mükafatçısı – S.M.), Tokio Olimpiadasının çempionu İqor Litvinoviç və dünya, Avropa çempionatlarının qızıl medalçısı Oleq Ryabtsev. İndi siz düşünün, baş məşqçi bunlardan hansını Olimpiadaya aparmalıdır? Komandanın uğurlu çıxışı üçün düzgün seçim edilməlidir. Bizdə Andrey Buylov kimi gənc yetişir, o, Bakıda 60 xal topladı. Deməli, komandada rəqabət olduqca güclüdür. Ancaq o hələ gənc olduğu üçün Olimpiadada milli komandaya düşə bilmir...
Biatlonda bizdə belə olub. Məsələn, dördqat Olimpiya çempionu Darya Domraçeva müəyyən səbəbdən idmanı atdı. Ondan sonra biatlonda estafet yarışlarında çətinliklərimiz yarandı. Ona görə də Rusiyadan iki idmançını – İrina və Yelena Kruçinkina bacılarını özümüzə götürdük, kifayət qədər də uğurlu çıxış edirlər. Rəhbərlik səviyyəsində buna razılıq verdikdən sonra burda qorxulu heç nə görmürəm. Belaruslu atlet Azərbaycandan bir xanımla evlənib qalırsa, biz ancaq həmin idmançıya görə sevinə bilərik.
Yunan-Roma güləşində 2-3 azərbaycanlını heyətimizə götürmüşdük. Onlar layiqli çıxış edirlər, ancaq dünya çempionatı zamanı öz komandalarında heyətə düşə bilmirdilər. Niyə də gəlib bizdə çıxış etməsinlər? Nəinki çıxış etsinlər, hətta azərbaycanlı güləşçiləri məğlub etsinlər (gülür). Təbii ki, bunu zarafatla deyirəm. İdmanı digər məsələlərə qatmayaq. Bunlar yaxşı haldır”.
Qeyd edək ki, Belarus millisi 18-21 noyabr tarixlərində Bakıda keçirilmiş batut gimnastikası üzrə XXXV dünya çempionatında sinxron tullanmada və fərdi komanda çıxışında qızıl medal, eləcə də Oleq Ryabtsevin ifasında individual çıxışda bürünc medal qazanıb.