İtaliyalı zərgər Azərbaycanın qələbəsi şərəfinə kolleksiya yaradıb - FOTO
Noyabrın 24-də məşhur italyan zərgər, öz adını daşıyan zərgərlik evinin yaradıcısı Roberto Koin Azərbaycanda səfərdə olub.
Roberto Koin Azərbaycana xüsusi missiya ilə - yəni yeni qiymətli kolleksiyası “Xarıbülbül”ü təqdim etmək məqsədi ilə gəlib. İtalyan zərgər media nümayəndələri, bloqerlər və brendin pərəstişkarları ilə görüşdə bildirib ki, bu kolleksiya, onun Azərbaycana və ölkəmizin gözəlliyinə heyran olan hər kəsə sevgi bəyannaməsidir.
Kolleksiyaya Xarı bülbül gülü formasında 2 ədəd transformer yaxa sancağı daxildir ki, onları klon kimi də taxmaq olar.
Koin bu sancaqları seçən qadına zinət əşyasını özünəməxsus şəkildə şərh etmək azadlığı verir:
“Mən təbiətdə rast gəlinən bütün rəngləri əks etdirmək üçün iki fərqli yaxa sancağı yaratdım. Sancaq, bu çiçəkdə gördüklərimin yenidən nəzərdən keçirilməsidir: zərafət, rəng və güc”.
“Xarıbülbül” sancaqları 18 karatlıq - ağ və ya sarı qızıldan hazırlanır. Onlar almaz, yaqut, ametist, sarı sapfir və yaşıl qranatlarla işlənib.
Hər bir məhsul fərdidir və əl işidir. Bu unikal sənət əsərini artıq Bakıda “Roberto Coin” butikində sifariş edə bilərsiniz. İtalyan zərgərlər onu xüsusi olaraq sizin üçün yaradacaqlar!