Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
Lənkəranda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən “Qaz 33”ün sürücüsü saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi “Qaz 3302” markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib. Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyətı üzrə Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.