Şahmar Mövsümov: “Omikron” ştammının Azərbaycanda aşkarlanması zaman məsələdir”
“Azərbaycanda epidemioloji vəziyyət stabil olaraq qalır. “Omikron” ştammının Azərbaycanda aşkarlanması zaman məsələdir. Bu, sabah, bir həftə və ya bir ay sonra da ola bilər. Ştamların sərhədləri asanlıqla keçməsinin şahidi olmuşuq. Bu da öz-özlüyündə ciddi təhlükə yarada bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, infeksiya ilə mübarizə vaksinasiya olunmaq və “buster” dozaların vurulmasıdır:
“Azərbaycanın kifayət qədər vaksini var. Görülən tədbirlər çərçivəsində xəstəxanalarda çarpayı sayı, dərmanlar yetərli saydadır. Bu proses Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim nəzarətdə saxlanılır və verilən taşırıqlar vaxtlı-vaxtında yerinə yetirilir”.
“Bayramda insanlar qapalı məkanlarda olacaq. Hamıya maska taxmağı, məsafə gözləməyi və vaksinasiya olunmağı tövsiyə edirəm. Bunlar edildikdə pandemiyaya qalib gələcəyik”, - deyə o qeyd edib.