90-cı illərin Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıb
1991-1997-ci illərdə xəsarət alaraq əlillik statusu almış Qarabağ müharibəsi iştirakçılarına birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi hazırlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış komissiyanın iclası keçirilib.
Qeyd olunub ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə yaradılmış komissiyanın üzvləri müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəislərinin müavinləri, Dövlət Sığorta Kommersiya Şirkətinin sədridir.
İclasda S.Babayev Prezident İlham Əliyevin qeyd edilən fərmanının müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürü olduğunu vurğulayıb.
Bildirib ki, fərman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin isə vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) verilməsini nəzərdə tutur.
20 min şəxsi əhatə edəcəyi gözlənilən fərmanın icrası işlərini diqqətə çatdıran nazir qeyd edib ki, 90-cı illərin Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə verilməsi qaydasının layihəsi artıq hazırlanıb və yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən həmin qayda dövlət başçısı ilə razılaşdırılaraq təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq.
Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının siyahısını, Ədliyyə Nazirliyi sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslərin siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə sığorta ödənişi verilmiş şəxslərin siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcək.