Azərbaycan məktəbində bullinq: Şagird intihara cəhd etdi - YENİLƏNİB
Ucar rayonunun Qaradağlı kənd məktəbində qızına qarşı baş verən insidentlə bağlı məktəblinin atası danışıb.
N.Əzizov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda qızının səhhəti normaldır:
“Baş verən hadisə barədə araşdırma aparılır. Qızım qollarını şüşə ilə kəsib. Səhhəti yaxşıdır. Hazırda araşdırma aparıldığı üçün detallı açıqlama verə bilmirəm”.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə araşdırma aparılır:
“Daha ətraflı məlumat təqdim olunacaq”.
12:14
Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.
Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib.
Belə ki, N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Qeyd edək ki, bəzi xəbər saytlarında yer alan yazılara əsasən Z.Ə. bir deyil, bir neçə şagird tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb.
Həmin yazılara əsasən demək olar ki, əslində Z.Ə. bullinqə məruz qalıb. Belə ki, iddialara görə, N.D.-nin digər uşaqları da öyrətməsi nəticəsində onların bir qismi də Z.Ə.-yə qarşı müəyyən xoşagəlməz hərəkətlər ediblər.
Hazırda şagirdin valideyni N.Əzizov qızına qarşı qanunsuz hərəkətlər edən şagirdin sinfinin, yaxud məktəbinin dəyişdirilməsinə çalışır.