Əcnəbi mütəxəssis federasiyaya vitse-prezident seçildi
Əcnəbi mütəxəssis yeni yaradılan Azərbaycan Qış İdman növləri Federasiyasının vitse-prezidenti oldu.
Oxu.Az xəbər verir ki, bu vəzifəyə Dövlət Turizm Bürosunun İdarə Heyətinin sədri, Dövlət Turizm Agentliyində müşavir işləyən Florian Zenqstşmid gətirilib.
Bundan başqa Elvira Zəkərəyeva, Nasir Fərhadov, Tomas Yuqen Tor Yensen (danimarkalıdır, “Şahdağ Turizm Mərkəzi” QSC-nin əməliyyatlar üzrə direktorudur – S.M,), Daşqın Abbasov və Ruslan Behbudov federasiyanın İdarə Heyətinin üzvü seçiliblər.
Qeyd edək ki, federasiyanın vitse-prezidenti Avstriyadandır. O, Dövlət Turizm Agentliyinin sədri (həm də sözügedən federasiyanın prezidenti – S.M.) Fuad Nağıyevin müşaviri vəzifəsində işləyir. Zenqstşmid 20 ildən artıq müddətdə beynəlxalq səyahət və turizm sənayesində çalışıb, lüks dərəcəli hoteldə marketinq menecerindən başlayaraq Avstriyanın Rusiyadakı səfirliyində maliyyə attaşesi vəzifəsinə kimi yüksəlib.
Florian Zenqstşmit Avstriya Milli Turizm Bürosunun MDB ölkələrindəki təmsilçisi olmaqla yanaşı, öz konsultasiya şirkəti – EUDS-un əsasını qoyub və Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru olub.