DOST Agentliyində “Könüllü klubları” layihəsi də fəaliyyətə başlayıb - FOTO
Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına böyük marağın nəticəsi kimi, ötən dövrdə bu proqrama böyük əksəriyyəti gənclər olan 50 minə yaxın şəxs müraciət edib.
Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayından DOST Agentliyi və 5 DOST mərkəzi yaradılıb.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 156 xidmətin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipinə uyğun təqdim edilməsinə imkan verən unikal bir layihədir. DOST mərkəzlərinə ötən dövrdə 700 mindən çox vətəndaş müraciəti qeydə alınıb və DOST xidmətlərindən vətəndaş məmnunluğu səviyyəsi 98 %-dir.
Bu nailiyyətin əldə olunmasında “Könüllü DOST” proqramının iştirakçıları da dəstəyini verir. Ötən dövrdə DOST mərkəzlərinə “Gənc DOST” altproqramı üzrə 1 700-ə yaxın gənc könüllü cəlb olunub.
Onlar mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində köməklik göstərirlər. Həmçinin vətəndaşların məlumatlandırılması, xidmətlər üzrə sənədlərin siyahısı ilə tanış edilməsi, onların müxtəlif anket, forma və s. doldurmalarında yardım edilməsi, mərkəzlərə gələn əlilliyi olan şəxslərə diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və s. işləri yerinə yetirirlər.
“Gənc DOST” altproqramının gənclər üçün əhəmiyyəti işgüzar vərdişlər əldə etmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır.
Könüllülərin dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə DOST Agentliyində “Könüllü klubları” layihəsi də fəaliyyətə başlayıb. Bu klublar şahmat, film, yaradıcılıq və başqa sahələri əhatə edir. Layihə çərçivəsində hər həftə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.