Vaksinasiya prosesi hansı dövrə qədər davam edəcək? - AÇIQLAMA
“Pandemiya davam etdikcə altı aydan bir vaksinasiyalar olacaq”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, əgər pandemiya qarşıdakı müddətdə bitərsə, 6 aydan bir qüvvətləndirici dozaların vurulması dayandırıla bilər:
“Sutkalıq yoluxma sayının çox olmasına baxmayaraq, ölkədə heç bir qapanmalara gedilmir. Bu da vaksinasiya göstəricisinin yüksək olması ilə əlaqəlidir. İki doza peyvənd alanların sayı kifayət qədər yüksəkdir. Onların çox hissəsində yan təsirlər müşahidə olunmayıb. Belə ki, pandemiya dövrü bitdikdən sonra qrip əleyhinə vurulan vaksin kimi il ərzində bir dəfə vaksin vurdurmaqla orqanizmi bu viruslardan da qorumaq olacaq. Lakin hələ ki, vaksinasiya prosesi 6 aydan bir aparılmalıdır”.
“Buster dozanın vurulması bu gün üçün önəmlidir. Biz demirik ki, buster doza vurduranlar xəstəliyə yoluxmayacaqlar. Xeyir, yoluxma ola bilər. Sadəcə olaraq vaksin xəstəliyi nisbətən yüngül keçirməyimizə şərait yaradan vasitədir”,- deyə həkim qeyd edib.