Azərbaycan Prezidenti: “Bu sənəd həm də gələcək üçün böyük perspektivlər açır”
Bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Moskvada mətbuata bəyanatında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin əhəmiyyətindən danışarkən bildirib.
“Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var”, - deyə Azərbaycan Prezidenti qeyd edib.