Kiyev Ankaradan Qara dəniz boğazlarını Rusiya üçün bağlamağı xahiş edə bilər
Ukrayna hərbi əməliyyatların başlanması halında Türkiyədən Montrö Konvensiyası əsasında Rusiyanın Qara dəniz boğazlarına çıxışını bağlamağı tələb edə bilər.
Bunu Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar bildirib.
“Biz düşünürük ki, Ukraynaya qarşı kütləvi hərbi müdaxilə və ya hərbi əməliyyatların başlanması halında, yəni müharibə təkcə de-fakto deyil, həm də de-yure olduqda Türkiyə hökumətindən xahiş edəcəyik ki, Qara dəniz boğazlarının . təcavüzkar ölkə üçün bağlanması imkanını nəzərdən keçirsin”, - deyə diplomat bəyan edib.
O, əlavə edib ki, Kiyev Rusiya Hərbi Dəniz Qüvvələri gəmilərinin Qara dənizdə cəmləşməsini “ciddi təhlükə” kimi qiymətləndirir.
Qeyd edək ki, 1936-cı il iyulun 20-də imzalanmış Montrö Konvensiyası müharibə şəraitində Türkiyəyə boğazların bağlanması hüququnu verir.