İstehsal məqsədli çəkməli tütün gələn ilin sonuna qədər spesifik idxal rüsumundan azad edilib
Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə hazırlanıb.
Qərara əsasən, istehsal məqsədli çəkməli tütün gələn ilin sonuna qədər spesifik idxal rüsumlarının tətbiqindən azad edilib.
Qərarın qəbul edilməsi ilə yerli tütün emalı sənayesinin istehsal məqsədli çəkməli tütünə olan tələbatının ödənilməsi səviyyəsinin qorunub saxlanılması, sözügedən məhsulların təminatında mümkün çətinliklərin və qiymət artımının qarşısının alınması proqnozlaşdırılır.