İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycanın Dövlət Komissiyası arasında protokol imzalanıb
“Azərbaycan Prezidentinin tapşırığına əsasən, I Qarabağ müharibəsində itkin düşən şəxslərin ekshumasiyası ilə bağlı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısına vəzifə qoyulub”.
“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın arasında niyyət protokolu imzalanıb.