Nazir yeni sosial islahat paketinin illik maliyyə dəyərini AÇIQLADI
“Prezident İlham Əliyevin tapşırığı ilə bu ilin əvvəlindən icra edilən yeni sosial islahat paketi 3,4 milyon insanı əhatə edib və bu paketin illik maliyyə dəyəri 2,1 milyard manatdan çoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, ümumilikdə, son üç ildə reallaşdırılan üç sosial islahat paketi isə dörd milyon insanın rifahına dəstək olub və bu paketlər üçün illik əlavə olaraq altı milyard manat vəsait ayrılıb:
“İlin əvvəlindən minimum əməkhaqqı 20% artırılaraq 300 manata çatdırılıb. Paralel olaraq müəllimlərin, VTC ilə çalışan 400 min işçinin, hərbçilərin və b. əməkhaqqıları artırılıb. Azərbaycan minimum əməkhaqqının nominal və alıcılıq qabiliyyəti indeksinə (PPP) görə MDB-də ikinci sıraya yüksəlib.
İkinci istiqamətimiz isə sosial ödənişlərin artırılması oldu. 2,3 milyon vətəndaşımızın pensiya, müavinət və təqaüdlərinin artırılması üçün illik əlavə 900 milyon manat yönəldildi”.
Nazir 2022-ci ilin əvvəlindən yeni sosial islahat paketi üzrə sosial müavinətlərdə orta hesabla 34 faiz, Prezidentin aylıq təqaüdlərində orta hesabla 26 faiz artım olduğunu deyib:
“Minimum pensiya isə 20 faiz artımla 240 manata çatdırılıb. Son ilin sosial islahat paketlərinin nəticələrini qeyd edən Sahil Babayev həmin dövrdə minimum əməkhaqqının 2,3 dəfə, median əməkhaqqının 80 faiz, əməkhaqqı fondunun 2,1 dəfə, sosial müavinət və təqaüdlərin orta hesabla 3,5 dəfə artdığını diqqətə çatdırıb.
Qeyd edilən dövrdə minimum pensiyada 2,2 dəfə artım olduğunu, orta aylıq pensiyanın 75 faiz artaraq 363 manata, yaşa görə pensiyanın 70 faiz artaraq 394 manata çatdığını bildirib”.
Onu da qeyd edək ki, Azərbaycan minimum pensiyanın nominal və alıcılıq qabiliyyəti indeksinə (PPP) görə MDB-də birinci sıraya yüksəlib.