Zəngəzur dəhlizi açılmadan regionda sülh, əməkdaşlıq mümkün olmayacaq
Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz regionunun geosiyasi, geoiqtisadi landşaftını əsaslı surətdə dəyişməklə, burada yeni əməkdaşlıq mühiti üçün də əlverişli şərait yaradıb. Xüsusən də o kontekstdə ki, müharibədə qalib gələn tərəf olaraq Azərbaycan əməkdaşlıq, sülh üçün konkret təşəbbüs və təkliflər irəli sürüb, Ermənistanla ölkəmiz arasında düşmənçilik səhifəsinin çevrilməsi, regional əməkdaşlıq, qarşılıqlı əlaqələrin inkişafı istiqamətində əməli addımlar atmağa hazır olduğunu bəyan edib.
Belə formatda əməkdaşlıq regionda sabitlik və tərəqqi üçün ümdə əhəmiyyət kəsb edir. Buna da Cənubi Qafqazda ən çox ehtiyac duyan tərəf Ermənistandır. Çünki Azərbaycan bu vaxta qədər Ermənistanla əməkdaşlıq olmadan da inkişaf göstəriciləri baxımından regionda lider ölkə kimi qazandığı davamlı nailiyyətlərlə bu statusunu daha da möhkəmləndirib, çoxsaylı transmilli layihələr həyata keçirib. Son 30 ilin təhlili isə bu qənaəti artıq aksiomaya çevirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmədən nə real inkişaf yoluna çıxa, nə də hansısa transmilli xarakterli layihə həyata keçirə bilər. Bu mənada postmüharibə dövründə Azərbaycanın barış və qarşılıqlı əlaqələrin inkişaf etdirirlməsi ilə bağlı təkliflərini Ermənistan üçün xilas yolu olaraq da qəbul etmək mümkündür.
Qeyd edilənlər Ermənistan cəmiyyətinə, onun mandat verdiyi hakimiyyətə yaxşı bəlli olsa da, bu ölkə regional inteqrasiya reallıqlarını qəbul etmək, yeni iqtisadi əlaqələr qurmaq, nəqliyyat dəhlizləri açmaq əvəzinə hələ də öz köhnə şakərinə sadiq qalaraq hər şeyi “inkar sindromu”ndan çıxış etməyə üstünlük verir. Bunu Zəngəzur dəhlizi kontekstində də görmək mümkündür. Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib.