Gürcüstanda alkoqol testindən imtina edən sürücüləri külli miqdarda cərimə və həbs gözləyir
Gürcüstan Parlamenti İnzibati Xətalar Məcəlləsində sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri nəzərdən keçirməyə başlayıb.
Dəyişikliklər alkoqol testindən keçməkdən imtina edən sürücülər üçün 3 000 lari (təxminən 1 788 manat) cərimə və ya 10-15 gün müddətinə inzibati həbsin tətbiqini nəzərdə tutur.
Bundan əlavə, dəyişikliyə əsasən, artıq sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə vəsiqəsindən məhrum edilmiş, lakin yenə də sərxoş vəziyyətdə sükan arxasına keçənlərə 2 000 lari (təxminən 1 192 manat) məbləğində cərimə nəzərdə tutulur.
Həmçinin avtomobilin sərxoş sürücü tərəfindən idarə edilməsi şəxsə, yükə, yol infrastrukturuna, binaya və ya əmlaka cüzi ziyan vurduqda, onu vəsiqədən məhrum etməklə yanaşı, 2 000 lari məbləğində cərimə gözləyir.
Eyni zamanda, qanunda daha bir bənd ortaya çıxacaq ki, bu da sürücünün iki saat ərzində yenidən testdən keçmək hüququndan istifadə etməsini özündə ehtiva edəcək. Bu zaman qanda spirt konsentrasiyasının saatda 0,15 promille azaldığı nəzərə alınmalıdır.