Fatma Yıldırım: Dövlətimizin başçısı Astanada bir daha milli maraqlarımızı qətiyyətlə qoruduğunu təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı regionumuzda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Dövlətimizin başçısı bir daha milli maraqlarımızı qətiyyətlə qoruduğunu təsdiqlədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Azərbaycan Prezidenti çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinin nəticələrindən danışıb, ərazilərimizin kütləvi şəkildə minalandığını xatırladıb. Bununla yanaşı, münaqişə başa çatdıqdan sonra da, Ermənistan sülh prosesinə zidd olaraq Laçın ərazisində 2021-ci il istehsalı olan minalar basdırıb. Ümumilikdə 10 noyabr Bəyanatından sonra 250 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub.
Deputatın sözlərinə görə, hazırda regionda sülhün təmin olunması istiqamətində bütün təşəbbüsləri Azərbaycan dəstəkləyir. Bu baxımdan, Praqa şəhərində keçirilən görüş və nəticəsində qəbul olunmuş bəyanat sülhə doğru irəliləyiş hesab olunur. Lakın Praqa görüşündə iştirak edən Fransa Prezidenti Emmanuel Makronun bir həftə sonra Azərbaycanın əleyhinə əsassız bəyanat verməsi cəmiyyətimiz tərəfindən kəskin etirazla qarşılandı.
“Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edən Makron nədənsə 30 il ərzində Ermənistan tərəfindən torpaqlarımızın işğalını, həmin ərazilərdə hər şeyin məhv edilməsini görməzdən gəlir. Fransa, onun prezidenti Emmanuel Makron Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin vacibliyini səsləndirməyib. Əksinə, Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkə Ermənistanı himayə edib. Qırx dörd günlük Vətən müharibəsində isə rəsmi Paris açıq şəkildə Ermənistana dəstək verdi. Makronun son bəyanatı da Fransanın erməni sevgisinin dəyişməz olduğunu təsdiqləyir. Belə olan halda, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Fransanın obyektiv mövqe tutmayacağı da şübhəsizdir.
Prezident İlham Əliyevin də bundan sonra Fransanın prosesdə iştirakının qeyri-mümkün olduğunu deməsi xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir”, - deyə deputat bildirib.
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan lazımi məsələlərdə adekvat addımlar atacaq. Bu, Ermənistanın razılaşmalara nə dərəcədə əməl etməsindən asılı olacaq.