bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sevil Zamanova: Erməni terroru ailəmizi başsız, övladlarımı atasız qoydu

18-10-2022, 12:00 31 dəfə baxılıb

Sevil Zamanova: Erməni terroru ailəmizi başsız, övladlarımı atasız qoydu


Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əks hücumları qarşısında tab gətirməyən Ermənistan ordusu hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. 44 gün ərzində erməni hərbi birləşmələri tərəfindən təkcə Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə xeyli ziyan dəyib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunda erməni terroru qurbanlarından biri də Şıxarx qəsəbəsində yaşayan Zamanov Şakir Xasay oğludur. O, Ermənistan silahlı bölmələrinin 2020-ci il oktyabrın 15-də Tərtəri növbəti dəfə artilleriya atəşinə tutması nəticəsində həlak olub.
Şakir Zamanov Kəlbəcərdən məcburi köçkün idi. Vətən müharibəsində ordumuzun düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etməsi onu çox sevindirirdi. Tezliklə ailəsi, övladları ilə birlikdə ata-baba yurdu olan Kəlbəcərə qayıtmaq arzusu ilə yaşayırdı. Ancaq erməni terroru onun arzularını yarıda qoydu.
Həyat yoldaşı Sevil Zamanova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Həmin gün Şakir dəfn mərasimində iştirak etmək üçün qəbiristanlığa getmişdi. Düşmənin atdığı mərminin partlaması nəticəsində həlak oldu. Dövlətimiz tərəfindən bizə lazımi qayğı göstərilir. Ailəmizə, uşaqlara daim baş çəkirlər. Özüm məktəbdə işlə təmin olunmuşam. Bütün bunlar bizim üçün böyük dəstək olsa da, Şakirin yerini heç nə ilə əvəz etmək olmaz. Ailəmiz başsız, uşaqlarımız atasız qaldı.”.
Bu gün Tərtərdə müharibənin fəsadları aradan qaldırılıb. Dağılmış evlər, sosial obyektlər, təsərrüfatlar bərpa edilib. Ancaq erməni terrorunun izlərini tam silmək mümkün deyil. Başsız qalan ailələrin, valideynlərini itirən uşaqların kədərini, göz yaşını təəssüf ki, heç nə ilə əvəz etmək olmaz...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031