Vətən müharibəsinin salnaməsi: 23 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
AZƏRTAC 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
Müharibənin 27-ci günü
• Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.
• Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad olunub.
• Prezident İlham Əliyev Milli Qəhrəman, Qubadlının azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.
• Azərbaycan Ordusu cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirib, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib. Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən boyun qaçırır, mövqelərini tərk edirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib. Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən bir taktiki pilotsuz uçuş aparatı məhv edilib.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan ordusunun yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər xəsarət alıb, 2156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşüb.
Baş Prokurorluq Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 17:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin son statistikasını açıqlayıb.
• Müdafiə Nazirliyi Ermənistan ordusunun qüvvə və vasitələrinin darmadağın olunmasının, həmçinin yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsinin videogörüntülərini paylaşıb.
• Müdafiə Nazirliyi cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələrinin və döyüş texnikalarının, artilleriya bölmələrinin və komanda məntəqəsinin məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.
ANAMA-nın mütəxəssisləri cəbhəyanı ərazilərdə raket və top mərmilərini zərərsizləşdiriblər.