1 milyon manatı dələduzluqla ələ keçirən bacılar məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi Rayon Məhkəməsinin keçmiş sədri Aytac Əliyeva, onun bacısı İlknur Əliyevanın (Turkut) məhkəməsi zərərçəkmiş və şahidlərin ifadələri ilə davam edir. Bacılar qızıl alqı-satqısı adı ilə adamların pullarını ələ keçirməkdə təqsirləndirilirlər.
Zərərçəkmişlər 11, onlara dəymiş maddi zərərin ümumi məbləğisə 1 milyon manat civarındadır. Sonuncu məhkəmə iclasında dindirilmiş Aygün Məmmədova ifadə verib. O bildirib ki, bələdiyyə sədri Aytac Əliyevayla 2 il əvvəl iştirak etdiyi məclisdə tanış olub: “Aytac Əliyevanın doğum günü idi, təsadüfən mən də orda bir rəfiqəmlə iştirak edirdim. Elə orada yaxından tanış olduq. Özünü heç nəyə ehtiyacı yox, gözü tox bir insan kimi göstərirdi. Dedi, mənim kimi pul qazanmaq istəyirsənsə, gəl, qoşul bizə. Dubaydan qızıl gətirib satırıq. Dedi, 8 martda varlı adamlar hədiyyəlik qızılları ondan alırlar, yaxşı alver gedir. Biz də qərara gəldik 8 marta qədər pul qoyaq ki, gəlir götürək”.
Aygün Məmmədova məhkəmədə iddia edib ki, pul qazanmaq istəyini gerçəkləşdirmək üçün anasının ona bağışladığı mənzili, bacısının mənzilini, anasının mənzilini, öz bahalı avtomobilini satıb. Anasının ona bağışladığı mənzili təmir etmək üçün topladığı pulu da üstünə qoyaraq 2021-ci ilin 8 yanvarından 8 martınadək hissə-hissə Aytac və İlknur Əliyeva bacılarına verib. 8 martdan da ötüb, pullardan xəbər çıxmayanda Aytac Əliyevaya zəng vurub: “Dedi, Kiyevdəyəm, Dubaydan qızıl saat adıyla alıb vurduğum saatlar polad çıxıb, məni aldadıblar. Bir az gözlə, gəlim, danışarıq”.
A.Əliyeva Bakıya qayıdandan sonra görüşüblər. Aytac Əliyeva ona bələdiyyə sədri olduğu ərazidəki torpaqlardan təklif edib: “Həmin torpaqlar başqa-başqa adamların adına idi. Aytac Əliyeva dedi ki, narahat olma, formal olaraq o adamların adınadır, öz adıma edə bilmərəm axı... Get, torpaqlara bax, hansını bəyənsən, ananı gətir, adına sənədləşdirək. Getdik, bizə olan borcu məbləğində iki yerdə torpaq sahəsi bəyəndik, sənədləri də verdik bələdiyyə sədrinə ki, sənədləşdirsin. Bir həftədən sonra anamın adına həmin torpaq sahələrinə çıxarış verdi. Dedi, bu torpaqlar oldu sizin, borc söhbətimiz burda bağlandı”.
Şahid deyir, çıxarışların belə tezliklə hazır olması onları şübhələndirib. Qərara gəliblər ki, sənədləri araşdırsınlar və bu zaman üzə çıxıb ki, saxtadır. Bundan sonra Aygün Məmmədova bələdiyyə sədrinin əməllərindən polisə şikayət edib.
“Özü barəsində elə danışırdı ki... Deyirdi bələdiyyə sədriyəm, qazancım başımdan aşır, heç nəyə ehtiyacım yoxdur. Bizim pullarımızı havaya sovurandan sonra dedi ki, şikayət etməyin, torpaqlarım var, həll edəcəm. Bizi göndərdi, Binəqədi ərazisində bir neçə torpaq sahəsinə baxdıq, o torpaqlardan birinə anamın adına sənəd düzəltdi. Aparıb sənədi yoxlatdırdıq, o da saxta çıxdı”.
Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə (Turkut) əlbir olaraq qızıl və torpaq alqı-satqısı adı altında vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb. Bacılar ittihamları qismən qəbul edirlər. Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.