Milli dövlətçilikdə və bəşəri humanizmdə Mehriban Əliyeva fenomeni
Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Adamların mənəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır.
Heydər Əliyev
Ümummilli lider
Bəşər tarixində elə bir köklü xalq yoxdur ki, hər hansı mürəkkəb və taleyüklü mərhələdə onun sabit inkişafını təmin edən, milli dövlətçilik institutunun strateji-ideoloji strukturunu formalaşdıran lideri olmasın. XX əsrin II yarısından sonra ölkəmizin tarixində müstəsna yeri və rolu olan, milli dövlətçilik institutunu qurub-yaradan, məhz, ümummilli lider, dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev oldu. O, adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılan misilsiz dövlət başçısı, əfsanəvi xalq lideridir. Ulu öndər məktəbinin uğurlu yetirməsi, praqmatik təfəkkürlü və islhatçı Prezident İlham Əliyev isə XXI əsr Azərbaycanının yeni tipli lideridir. Ulu öndərin milli idarəçilik məktəbinin bir yetirməsi də Azərtbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin sabiq deputatı, alim, milli mədəniyyətimizin dünyada tanınan hamisi Mehriban xanım Əliyevadır. Ölkənin birinci xanımı bütün bu keyfiyyətləri – mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, ali statuslu rəhbərdir.
Mehriban xanım Əliyeva haqqında yazarkən, ilk növbədə, onun əsil-nəsilli bir ailədə doğulub-böyüməsi, mükəmməl bir təlim-tərbiyə alması göz önünə gəlir. Gənc yaşından ulu öndər Heydər Əliyev kimi siyasət nəhənginin ən yaxın çevrəsində mənimsədiyi siyasi təlim, qazandığı əhatəli sosial-mənəvi baxış, akademik Zərifə xanımdan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, Mir Cəlal kimi görkəmli yazıçı və Nəsir İmanquliyev kimi ustad jurnalist olan babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida xanım İmanquliyeva kimi valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban xanım Əliyevanın yetişdiyi indiki ali məqamın illər boyu formalaşan möhkəm özülü olmuşdur. Bütün bunlar dünyada tanınan böyük şəxsiyyət, nüfuzlu ictimai-siyasi xadim olaraq Azərbaycanın birinci xanımının milli ziyalılıqda yeni bir tarixi örnək yaratmasının da təbii və coşğun qaynağıdır.
Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır.
Xanım Mehriban Əliyevanın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması ilə mümkün olmuşdur. Azərbaycanın birinci xanımının düşüncəsində: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi.”
Mehriban Əliyeva fenomeninin digər bir önəmli göstəricisi isə onun Şərq milliliyini Qərb modernliyi ilə qovuşduraraq, çoxsaylı bəşəri layihələrin həyata keçirilməsi təşəbbüslərini asanlıqla reallaşdıra bilməsidir. Azərbaycanda birinci vitse-prezidentlik institutu təsis olunarkən bu vəzifəyə ilk dəfə Mehriban xanım Əliyevanın təyinatı ilə həm də Azərbavcan, eləcə də dünya gender siyasəti məkanına yüksək səviyyəli “Xanım Əliyeva” müraciəti daxil oldu. Bu təyinat siyasi platformada, idarəçilik strukturunda Azərbaycan qadınının liderlik imkanlarının qəbul edilməsi və təsdiqlənməsi idi.
Xanım Mehriban Əliyeva müstəqil Azərbaycanda “Qadın lider” fenomeninin, idarəetmədə “Qadın rəhbər” obrazının gender mədəniyyəti sferasına qanunauyğun gəlişini təcəssüm etdirmişdir. Onun bilavasitə təşəbbüsü ilə paytaxtın və respublikanın əksər yerlərinin memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi son illərin ürəkaçan gerçəkliklərindən biridir. Birinci vitse-prezidentin ölkə rəhbəri İlham Əliyevin modernləşmə və hərtərəfli tərəqqi xəttinə dəstəyi, bu sahədə xidmətləri də danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətlərinə və digər mədəni trendlərimizə yeni nəfəs verilməsi, bu misilsiz irsin dünyaya tanıdılması da Mehriban xanım Əliyevanın adı və xeyirxah fəaliyyəti ilə bağlıdır.
Qulaməli Balaşov
ADPU-nun Riyaziyyatın İbtidai kursunun tədris texnologiyası kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, "Qabaqcıl təhsil işçisi", YAP-ın üzvü