Məhkəmədə şahiddən şok açıqlama: “Şirkət rəhbərinin Nelliyə daha çox bağlanması üçün dualar yazdırdı”
Bakıda dələduzluqda ittiham olunan “Murov TSK” MMC-nin kadrlar şöbəsinin müdiri işləmiş 1988-ci il təvəllüdlü Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Gülçöhrə Mehdiyeva ifadə verib. O, dualar yazmaqla məşğul olduğunu deyib.
Onun sözlərinə görə, bu işdə adı keçən şahid Mehriban Atakişiyeva ilə qohumluq əlaqələri olub:
“Uşaqlıqdan Quran dərslərini öyrənmişəm. Müxtəlif dualar yazırdım. Mehriban Atakişiyeva zərərçəkmiş Əfqan Zeynalovun Nelliyə daha çox bağlanması üçün dualar yazdırdı. Buna görə mən 1200 manat pul almışam. Nellinin atası və qardaşı üçün də barışıq duası yazmışam. Əfqan müəllimlə telefonda danışaraq hər şeyi etiraf etmişəm”.
Mehriban Atakişiyevanın bacısı Məlahət Mirzəyeva ifadəsində bacısının maddi sıxıntı içərisində yaşadığını, küçə süpürdüyünü, övladlarını min bir əziyyətlə böyütdüyünü deyib. Son vaxtlar bacısının güzəranı yaxşılaşıb, yaşadığı mənzili təmir etdirib, evinə yeni məişət avadanlıqları alıb, görmədiyi həyatı yaşamağa başlayıb, həyat səviyyəsi tamamilə dəyişib:
“Bacım deyirdi ki, şirkətdə işə düzəlmişəm, orada xeyirxah adamlar var, çoxlarına köməklik göstərirlər, mənə də yardım edirlər. Həmişə namazda Nelliyə dua edirdi. Deyirdi, uşaqlara köməklik edir, cürbəcür oyuncaqlar alır, onları sevindirir”.
Şahid ifadəsində N.Fabriçnayanın adını çox eşitsə də, özünü cəmi bir dəfə, iki il öncə gördüyünü deyib. Həmin vaxt Nelli ondan faizə pul tapmasını, köməklik göstərməsini xahiş edib. Deyib ki, lombarddan pul götür, sonra biz sənə qaytararıq. Amma onun bu təklifi ilə razılaşmayıb.
Zərərçəkmişin nümayəndəsi İradə Cavadovanın suallarını cavablandıran şahid bildirib ki, bacısının maddi vəziyyəti xadimə işlədiyi şirkətin hesabına yaxşılaşıb:
“Mehribanın nəvəsi epilepsiya xəstəsi idi. Onun müalicəsinə də çox köməklik olunmuşdu. Mehriban deyirdi ki, işlədiyi şirkət çox yerlərə köməklik edir”.
Məhkəmədə o da məlum olub ki, şirkətdə xadimə işləyən Mehriban 5 ulduzlu hoteldə istirahət edib, oğluna yeni avtomobil alıb, ailə üzvləri ilə birgə istirahətə gediblər. Bütün bu xərclərin hamısını isə N.Fabriçnaya çəkib:
“Bacım deyirdi ki, Nelli maaşımdan hissə-hissə çıxacaq”.
Məhkəmədə şahidin istintaq zamanı fərqli ifadə verməsi üzə çıxıb. O, ifadəsində bacısının şərəfinə Zabratdakı restoranda ad günü təşkil olunduğunu, bu məclisin ona iş yerindən hədiyyə edildiyini deyib.
2020-ci ilin iyulunda səhər saatlarında Mehribanla Nellinin avtomobildə oturduqlarını görüb onlara yaxınlaşıb. Həmin vaxt bacısının epilepsiyalı nəvəsinin avtomobilin önündə yerə yıxılmasının şahidi olub.
Dövlət ittihamçısının şahiddən “hər şeyi onun üstünə ataq” dedikdə “hər şeyin” nədən ibarət olduğunu soruşub. Şahid bacısına xərclənən 70 min manat pulun nəzərdə tutulduğunu vurğulayıb.
Şahidin dediklərindən belə məlum olub ki, bacısı Nellinin verdiyi pulların şirkətin rəhbəri Ə.Zeynalova məxsus olduğunu bildikdən sonra borc-xərc tapıb hamısını geri qaytarıb. Özü isə “Balıqçı və qızıl balıq” nağılındakı kimi yenidən dilənçi vəziyyətinə düşüb: “Nelli bacıma 70 min manat pul xərcləmişdi. Biz o pulu birtəhər düzəldib verdik”.
Daha sonra şahid qismində Vüqar Əliyev ifadə verib. O bildirib ki, bu işdə şahid olan Mehriban Atakişiyevanın oğludur:
“Anam mənə dedi ki, səni işlədiyim yerdə sürücü kimi işə düzəldəcəyəm. Lakin bunun üçün mikroavtobus almaq lazımdır. Əlimdə bir az pul var idi, anam da köməklik etdi, 29 minə maşın aldım. Evin təmirinə isə 8 min pul xərclədik. Bu pulu da Nelli vermişdi. Ev üçün məişət avadanlıqları almışdıq ki, bunu da Nellinin köməkliyi ilə edilmişdi. Nelli mənə bahalı telefon da aldı. Daha sonra bu pulların oğurluq olması üzə çıxandan maşını 25 minə satdım. Anam ümumilikdə 70 min manatı zərərçəkmiş Əfqan Zeynalova qaytardı”.
Zərərçəkmiş şəxsin vəkili məhkəməyə mülki iddia ilə bağlı vəsatət qaldırıb. Zərərçəkmiş Əfqan Zeynalov təqsirləndirilən şəxsdən 706 646 manat tutulmasını tələb edib. Məhkəmə yerində qısa müşavirədən sonra mülki iddia ilə bağlı vəsatəti təmin edib.
Növbəti proses dekabrın 5-də davam edəcək.
İttihama görə, cinayət işi üzrə zərərçəkmiş Əfqan Zeynalov “Avto Tranasyol”un baş direktoru olub, “Murov TSK” MMC yaradıb. 2018-ci ildə Nelli Fabriçnaya Əfqan Zeynalovun şirkətinə işə düzəlib.
Bu şirkət Azərbaycan Dəmir Yolları QSC ilə dəmir yollarının tikintisi üçün müqavilələr bağlayıb. Həmçinin şirkət avtomobil yolları tikintisi ilə məşğul olub. Əfqan işlərin görülməsi üçün Nelliyə etibarnamə verib.
İstintaq sənədlərinə görə, Əfqan Nellinin yaşadığı evlə üzbəüz kirayə ev tutub, pulları Nelligildə saxlayıb. İddia olunur ki, Nelli 300 min dollar bir, 100 min dollar bir, 400 min dollar bir pulu seyfdən götürüb.
O, həmin pulların bir hissəsini kömək məqsədilə şirkətin xadiməsi olan Mehriban adlı xanıma, bir hissəsini isə özünün keçmiş sevgilisi Rauf adlı şəxsə verib.
O, xadimə və sevgilisinə ümumilikdə 103 min manat verib.
Əfqan Zeynalov iddia edib ki, Nelliyə etibar edirdi, ona görə seyfi alaraq onun evinə qoymuşdu. İddia edib ki, Fabriçnaya əməlinin üstü açılmasın deyə, onu öldürməyə cəhd edib: “Guya, mənə soyuqdəymə dərmanı vermişdi. İçdim, komaya düşdüm. Məni zəhərləyib öldürmək istəyirdi”.
Zəhərləyib öldürmək cəhdi ilə bağlı istintaq dövründə araşdırma aparılıb. Lakin bu məsələylə bağlı cinayət işi başlanması rədd edilib. Bu qərar Əfqan Zeynalovu narazı salıb və tələb edir ki, məhkəmə bu istiqamətdə yenidən araşdırma aparsın.
İş materiallarında Müdafiə Nazirliyinin sorğuya verdiyi rəsmi cavab var. Orada yazılıb ki, Əfqan Zeynalov 44 günlük müharibənin iştirakçısı olmayıb.
Amma o, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirak edib, ikinci qrup əlildir.
İstintaq orqanı tərəfindən Nelli Fabriçnayanın barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bundan əvvəl Əfqan Zeynalov da mühakimə olunub və şərti cəza alıb.
Əfqan Zeynalov məhkum olunduğu vaxt “Avtotransyol” şirkətinin baş direktoru olub. O, sonradan “Murov TSK” MMC-ni təsis edib, 2018-ci ildə Nellini işə götürüb.
Təqsirləndirilən tərəf iddia edir ki, Zeynalov yoxa çıxan vəsaitlərlə bağlı məsuliyyəti öz üzərindən atmaq üçün Fabriçnayanı şərləyir.
Əfqan Zeynalovun rəhbərlik etdiyi “Murov TSK” şirkəti dəmiryolu stansiyaları və digər obyektlərin tikintisi, avtomobil yollarının çəkilməsi ilə bağlı tenderlərin qalibi olub.