Xankəndi yolundakı aksiya: “10 Noyabr Bəyanatının müddəaları yerinə yetirilməyənə qədər davam edəcək”
Milli Məclisin iclasında deputat Mahir Abbaszadə Şuşa-Xankəndi yolundakı aksiyalardan danışıb.
Oxu.Az-ın məlumatına əsasən, o bildirib ki, 10 Noyabr Bəyanatının müddəaları icra edilməlidir.
“Hesab edirəm ki, bundan sonrakı müddətdə də 10 Noyabr Bəyanatının müddəaları tamamilə yerinə yetirilməyənə qədər bu mitinqlər, etirazlar davam etdirilməlidir”, - deyə o əlavə edib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın Qarabağda təbii sərvətlər üzərində hüquqi hakimiyyəti bərpa olunmalı və burada monitorinqlər keçirilməlidir.
“Azərbaycana qarşı indiyə qədər aparılmış iqtisadi cinayətkarlığın qarşısı alınmalıdır”, - deyə Mahir Abbaszadə bildirib.
Qeyd edək ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, həmçinin ictimai-siyasi fəallar Şuşa-Xankəndi yolunda aksiya keçirir. 9 gündür davam edən aksiyada etirazçılar Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun əraziyə gəlib suallara cavab verməsini tələb edirlər.
Aksiyaçılar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı etiraz edirlər.