bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə mediası: Azərbaycanın könüllüləri də zəlzələdən zərər çəkənlər üçün səfərbər olunub

17-02-2023, 10:20 0 dəfə baxılıb

Türkiyə mediası: Azərbaycanın könüllüləri də zəlzələdən zərər çəkənlər üçün səfərbər olunub


Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir.
AZƏRTAC xəbər verir ki, nüfuzlu media qurumlarında Prezident İlham Əliyevin məsələyə son dərəcə həssas münasibəti, maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qardaş Türkiyəyə yardım göstərməsi barədə xəbərlər yenə də əsas yer tutur.
Anadolu Agentliyində dərc olunan “Azərbaycanlı tələbələr və müəllimlər Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərini tərk etməkdən imtina ediblər” sərlövhəli yazıda deyilir ki, ötən həftə on minlərlə insanın ölümünə səbəb olan güclü zəlzələlərin mərkəzi Kahramanmaraşdakı Sütçü İmam Universiteti onlarla azərbaycanlı tələbə və müəllimi qəbul edib. Elxan Qurbanlı da onlardan biridir. Fevralın 6-da baş verən zəlzələdən sonra Azərbaycan hökuməti öz vətəndaşları üçün şəhərdə təxliyə prosesinə başlayıb. Qurbanlı və onlarla başqası Azərbaycana yola düşəcəkləri paytaxt Ankaraya avtobuslara mindiriliblər. “Ankaraya çatanda nə isə məni geri çəkdi, “gedə bilməzsən, burada qalmalısan” dedi. Bunun iki səbəbi var. Birincisi, biz iki fərqli dövlət olsaq da, bir millətik. Biz hər ağrıda birləşməli, birlikdə mübarizə aparmalıyıq”, - deyən Elxan Qurbanlı əlavə edib: “Uğurlarımın çoxunu bu şəhərə və onun insanlarına borcluyam, ona görə də burada qalmaq məcburiyyətində olduğumu hiss etdim və Ankaradan qayıtdım”.
“sabah.com.tr” saytında “Azərbaycanın könüllüləri zəlzələdən zərər çəkənlər üçün səfərbər olunub” sərlövhəli məqalədə vurğulanıb ki, Kahramanmaraş və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 10 vilayətdə böyük dağıntılar baş verib. “Yaraları sağaltmaq üçün beynəlxalq yardım çağırışına ilk cavab can Azərbaycandan gəlib. Azərbaycanın axtarış-xilasetmə qrupları zəlzələ baş verən ilk gündən bölgəyə gələrək dağıntılar altında qalmış insanların xilasetmə işlərində iştirak edirlər. Azərbaycanın yardımı təkcə axtarış-xilasetmə qrupları ilə məhdudlaşmır. Yüzdən çox Azərbaycan gənci “Bir yumruq, bir ürək, bir can” şüarı ilə Kahramanmaraşda yaraları sarmağa çalışır”, - deyə yazıda qeyd edilib.
“bursahakimiyet.com.tr” saytında yerləşdirilən materialda Azərbaycandan gələn yardımlar arasında yer alan məktublara diqqət çəkilir. Vurğulanır ki, bir paltarın üzərinə yazılan qeyddə deyilir: “Allah yar və yardımçınız olsun. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Canımızla, qanımızla yanındayıq, Türkiyəm!”.
“memleket.com.tr” portalında yerləşdirilən “Azərbaycan xilasetmə qrupları Kahramanmaraşda 53 nəfəri sağ xilas edib, 729 nəfərin cəsədi tapılıb” sərlövhəli informasiyada deyilir ki, Türkiyədə baş verən zəlzələlərdən dərhal sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları dağıntı sahələrində fasiləsiz olaraq işlərini davam etdirirlər. Azərbaycanlı xilasedicilər dağıntılar altında qalan 53 nəfəri sağ çıxarıb, 729 nəfərin cəsədini tapıblar. Qeyd edilib ki, Azərbaycanın bu şəhərdə yaradılmış 2 səhra xəstəxanasında indiyədək 512 nəfər müalicə olunub. Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 760 nəfərlik şəxsi heyəti, o cümlədən tibb işçiləri iştirak edirlər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930