Azərbaycanın BMT-yə üzvlüyündən 31 il keçir
Azərbaycanın BMT-yə üzv olmasından 31 il keçir.
Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olub.
Azərbaycan 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilib.
1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan bu platformadan beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb.
1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib.
Hər bir qətnamə Azərbaycan ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilib.
Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürüb.
Azərbaycan 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək olan müddətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək işğaldakı ərazilərini azad edib.
Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir.
Qeyd edək ki, 2022-ci ilin martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.