Bakı-Sumqayıt yolunda əməliyyat keçirildi, heroin alverçisi yaxalandı
Bakı-Sumqayıt yolunda heroin alverçisinə qarşı əməliyyat keçirilib.
“Trend”in məlumatına görə, əməliyyat Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat zamanı Əliyev Mehdi Ağamehdi oğlu Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində, “Riyad” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilib. İdarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısaqol gödəkçənin qabaq sağ cibindən bir ədəd sarı rəngli selofan bükümdə çəkisi 14,463 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb.
20.04.2023-cü il tarixdə Əliyev Mehdi Ağamehdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilib, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaq aparılır.