Prezident Tuğda İnzibati Mərkəzin təməlini qoyub
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd rayonunun Tuğ kəndində İnzibati Mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və Birinci vitse-prezidentə ilkin mərhələdə Tuğ kəndinin ictimai-inzibati mərkəzində inşası planlaşdırılan binalar barədə məlumat verib.
Bildirilib ki, kənddə 1,63 hektar sahəni əhatə edəcək inzibati zonada ikimərtəbəli inzibati bina, klub icma və mədəniyyət mərkəzləri, restoran tikiləcək. Burada tikiləcək və bərpa ediləcək binaların ümumi sahəsi 3200 kvadratmetr olacaq.
Ərazidə genişmiqyaslı abadlıq işlərinin görülməsi, yerüstü parkinq sahəsinin yaradılması nəzərdə tutulub. Bu ərazilərə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. İnzibati mərkəzdə tikinti-bərpa işlərinin gələn ilin martında başa çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı İnzibati Mərkəzin təməlini qoyub.