DTX-də Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirildi
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini, bu sahədə təqdirəlayiq işlər gördüyünü vurğulayıb.
Sonra təhlükəsizlik orqanlarının fəaliyyətinin təbliğində göstərdiyi xidmətlərə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin adından Elmira Axundovaya mükafat təqdim edilib.
Elmira Axundova göstərilən diqqətə görə təşəkkürünü bildirib, Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşərək sözügedən nəşrin işıq üzü görməsinin dahi şəxsiyyətin dövlətçilik yolunda göstərdiyi misilsiz xidmətlərin təbliği işinə daha bir töhfə olacağına, bu kitabın Heydər Əliyev haqqında müəllifi olduğu digər kitablar kimi geniş oxucu auditoriyası qazanacağına əminliyini ifadə edib.
Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.