İrəvanın təxribatına veriləcək cavab: Bufer zonanın yaradılması gündəmdə
Baş verən təxribat onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur. Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb. Belə bir niyyəti indi də yoxdu və daha əvvəllər olduğu kimi, bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert qeyd edib ki, bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək və adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır:
“Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, belə bir vəziyyətdə hansısa sülh danışıqlarından söhbət gedə bilməz”.
Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil. Bizə sülh Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır”