Ərdoğanın andiçmə mərasiminə böyük maraq: İlham Əliyev və bu liderlər Ankaraya gedir
Türkiyə prezidenti Ərdoğanın andiçmə mərasiminə 20 lider qatılacaq.
Publika.az xəbər verir ki, Ankara, Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün dünyanın hər yerindən liderləri və xarici işlər nazirlərini qəbul etməyə hazırlaşır.
20 lider və 45-ə yaxın nazirin şənbə günü Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində iştirakı gözlənilir.
Mərasimdə türk dövlətləri geniş heyətlə təmsil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, digər türk dövlətlərinin liderləri də tədbirə qatılacaq.
Somali, Əlcəzair və Balkan ölkələrindən də iştirak prezident səviyyəsində olacaq. Türkiyə Böyük Millət Məclisində liderlər üçün ayrılmış lojada Qətərin baş naziri Əl Tani də öz yerini tutacaq.
Şənbə günü keçiriləcək mərasimdə prezident Ərdoğanın Anıtkabir ziyarətindən sonra atlı qoşunların müşayiəti ilə Beştəpəyə getməsi planlaşdırılır.
Məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq də prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün şənbə günü Ankaraya gələcək. Ankarada seçki dövründə səngiyən diplomatik gediş-gəlişin prezident Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra daha da sürətlənəcəyi gözlənilir.
İnauqurasiya mərasimindən sonra prezidentin ilk qonağı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Məhəmməd bin Zayed olacaq. Prezident Ərdoğanla ikitərəfli görüşdən sonra BƏƏ əmiri İstanbulda keçiriləcək Çempionlar Liqasının finalını izləyəcək