Müharibə elan edilib: İran xəritəsi necə dəyişəcək?
İran əleyhinə güclü kəşfiyyat məlumatları mübadiləsi baş verir, beynəlxalq aləmdəki yeri laxladılır, daxildən didilmək üçün müxtəlif təzyiqlərə məruz qalır. Rəsmi Tehran nüvə faylını nüvə silahı əldə etmək həddinə çatdırır, qlobal oyunçulardan Rusiya, Hindistan, Çinlə əməkdaşlıq sferası quraraq mühasirəni yarmağa çalışır”.
Publika.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, İrana qarşı klassik müharibə taktikası tətbiq edilməyəcək:
“Çünki bunun üçün lazım olan məhlul doymuş həddə çatmayıb. İrana qarşı onsuz da müharibə elan olunub, amma o, bizim qavrayışımızdakı müharibədən fərqlənir. Tehran böyükmiqyaslı kiberhücumlardan tutmuş, nəhəng kəşfiyyat müstəvisinə qədər təzyiqlərdən əziyyət çəkir.
Ancaq gəldiyim nəticəyə əsasən etiraf etməliyəm ki, İranın təzyiqlərə məruz qalmasının belə limiti var. Hazırda İranın neft-qaz ehtiyatları, Türkmənistan qazının Avropa bazarlarına çıxarılması layihəsindəki rolu, Şimal-Cənub Dəhlizi üzrə həlledici ölkə olması onunla sövdələşmə qapılarını açıq saxlayır.
Tehrana yüksək səviyyəli müharibə xəbərdarlıqları olunur, bunu ara-sıra hərbi zərbələr də müşayiət edir, amma belə hallar İranın xəritəsini dəyişmək üçün edilmir. İranın xəritəsində dəyişiklik planı, bəlkə də, masa üzərindədir, amma bu, təzyiq vasitəsi kimi istifadə olunur.
Unutmaq olmaz ki, Tehran da real təhlükələrdən sığortalanmayıb, xüsusilə regiondakı kürd amili ilə bağlı siyasəti diqqətlə izləmək lazımdır