Bakı erməni hərbçilərin meyitlərini İrəvana niyə verdi? - İki mühüm gediş
Qisas 2” əməliyyatında məhv edilən iki erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib: Qarabağda qanunsuz hərbi birləşmələrin üzvü olan bu ermənilərin meyitlərinin verilməməsi Azərbaycanın haqqı idi, yaxud meyitləri nələrinsə qarşılığında vermək olardı;
Bakının niyə belə addım atdığı suallar yaradır.
İrəvan Ermənistan silahlı qüvvələrinin hərbçilərinin Qarabağda olduğunu təkzib edir: gah üçtərəfli bəyanatın müddəalarını təhrif edir, gah silahlı dəstələrin separatçıların qondarma "müdafiə ordusu” olduğunu deyir, gah da erməni ordusunun hərbçilərinin çıxarıldığı iddiasını ortaya atır.
Son əməliyyatda məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması faktı İrəvanın iddialarını çürütdü. Bakının meyitləri qaytarması da Ermənistanın bundan sonra "Qarabağda erməni ordusunun hərbçilərinin olduğu”nu təkzib etmək imkanını əlindən almağa hesablanıb.
Və bunun Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə edilməsi, Laçın postundan keçidin təmin edilməsi, xüsusilə görüntülərin qeydə alınması hesablanmış və bundan sonra erməni qoşunların Qarabağdan çıxarılmasına dair prosesin inkişafını müəyyən edəcək amildir.
Birincisi, iki erməni hərbçinin meyitlərinin qaytarılması ilə təkcə Ermənistan yox, həm də beynəlxalq ictimaiyyət – bölgədəki proseslərin iştirakçısı olan Rusiya və Qərb fakt qarşısına qoyuldu: Vaşinqton görüşündə müzakirə edilən məsələlərdən biri də bu idi; istisna deyil ki, İrəvan görüşdə yenə "təkzib mövqeyi”ni davam etdirib, Bakı bu addımla beynəlxalq ictimaiyyətə faktı təqdim edir və aydındır ki, qarşıdakı günlərdə əsas prioritet erməni qoşunların çıxarılması tələbi olacaq;
İkincisi, qoşunların çıxarılması öhdəliyi yerinə yetirilməsə, Azərbaycanın son əməliyyat kimi praktiki mərhələdə addımlar atacaq: iki erməni hərbçinin meyitinin təhvil verilməsi də bu addımlara "istinad nöqtəsi”nin yaradılması gedişidir